REGİONLAR
Sumqayıtdan Türkiyəyə yardımın növbəti partiyası yola salınıb
Sumqayıt, 13 fevral, Firuz Novruzov, AZƏRTAC
Türkiyədə zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə ölkəmizdə həyata keçirilən humanitar yardım kampaniyası davam edir.
AZƏRTAC xəbər verir ki, Sumqayıt sakinləri ilk günlərdən kampaniyada fəal iştirak edirlər. Şəhərin müxtəlif yerlərində yardımların toplanması üçün xüsusi məntəqələr yaradılıb. Hadisə baş verən ilk gündən sumqayıtlıların yardımtoplama məntəqələrinə axını müşahidə olunur. Vətəndaşlar tərəfindən gətirilən yataq dəstləri, isti geyimlər, uşaq bezləri, təmizlik ləvazimatları, konservləşdirilmiş qidalar, zəruri quru ərzaqlar, tibbi ləvazimatlar, eləcə də digər zəruri yardımlar məntəqələrdə çeşidlənib və qablaşdırılır.
Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən insanların müvəqqəti yaşaması üçün 22 ədəd konteyner evin zəlzələdən zərər çəkmiş bölgələrə göndərilməsi nəzərdə tutulur.
İcra hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu gün həmin konteyner evlərdən ilkin olaraq 4 ədədi, həmçinin 230 min manat dəyərində təqribən 16 ton humanitar yardım Sumqayıtdan birbaşa Türkiyəyə yola salınıb.
Xatırladaq ki, qarşıdakı günlərdə Sumqayıt şəhərindən dəyəri 500 min manata yaxın, ümumi çəkisi 75 ton olan 11 TIR humanitar yardımın göndərilməsi nəzərdə tutulur.