CƏMİYYƏT
Vətən müharibəsinin şəhidi Ramiz Qasımovun xatirəsi yad edilib










Bakı, 18 fevral, AZƏRTAC
Fevralın 17-də Qala qəsəbəsində yerləşən 216 nömrəli tam orta məktəbdə Vətən Müharibəsi Qəhrəmanı şəhid Ramiz Qasımovun doğum günü münasibətilə tədbir keçirilib.
Xəzər Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə rayon icra hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatı Rauf Əliyev, Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin sədri Lalə Azərtaş, rayon icra hakimiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri, döyüş yoldaşları və qulluq etdiyi hərbi hissənin nümayəndələri iştirak ediblər. Qonaqlar əvvəlcə şəhid Ramiz Qasımovun qızı Gülanə Qasımlının məktəbin foyesində təşkil olunmuş rəsm əsərlərindən ibarət sərgisi ilə tanış olublar.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra şagirdlərin ifasında vətənpərvərlik ruhunda şeirlər səsləndirilib, bədii və rəqs kompozisiyaları nümayiş etdirilib. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin icra etdiyi “Şuşanı tanıyaq, tanıdaq!” layihəsi çərçivəsində ərsəyə gələn “Şuşanın 270 anı” qısametrajlı filmi nümayiş olunub.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Elşən Salahov iştirakçıları salamlayaraq, bu Zəfəri bizlərə yaşadan Prezident İlham Əliyevə və vətənpərvər oğullar yetişdirdiklərinə görə şəhid və qazi ailələrinə minnətdarlığını bildirib. Qırx dörd günlük Vətən müharibəsindən söz açan Elşən Salahov sağlamlığını itirən qazilərimizə şəfa, şəhidlərimizə Allahdan rəhmət diləyib. Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin hər zaman qəlbimizdə əbədi yaşayacağını, onların adlarının daim uca tutulacağını qeyd edib. Xəzər Rayon İcra Hakimiyyəti olaraq hər zaman şəhid ailələrinin və qazilərimizin diqqət mərkəzində saxlanılaraq, onların problemləri ilə daim yaxından maraqlanıldığını vurğulayıb.
Çıxış edən Lalə Azərtaş şəhidlərimizin keçdiyi döyüş yollarından, göstərdikləri şücaət və qəhrəmanlıqlardan danışaraq film barədə məlumat verib.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.