Səfir: Türkiyə vətəndaşları prezident seçkilərində Bakı, Naxçıvan və Gəncədə səs verə bilərlər YENİLƏNİB
AzerTAg.az

Bakı, 28 mart, AZƏRTAC
Türkiyədə baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılmasında göstərdikləri dəstəyə görə başda Prezident İlham Əliyev olmaqla, bütün Azərbaycan xalqına sonsuz təşəkkürlərimizi bildiririk.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı qardaş ölkədə keçiriləcək növbəti prezident seçkiləri ilə əlaqədar jurnalistlərə açıqlamasında söyləyib.
Xaricdə yaşayan Türkiyə vətəndaşlarının seçkilərdə fəal iştirakının təmin edilməsi istiqamətində işlərin aparıldığını söyləyən səfir bildirib: “Azərbaycanda yaşayan vətəndaşlarımız aprelin 2-dək Bakı, Naxçıvan və Gəncədəki konsulluqlarımıza müraciət edə bilərlər. Konsulluqlar aprelin 1-də və 2-də açıq olacaq”.
Diplomat, həmçinin qeyd edib: “Şirkətlərimizdə çalışan bəzi vətəndaşlarımızın icazədən istifadə edərək ailələrini görmək və seçkilərdə səs vermək üçün Türkiyəyə getmək istədiklərini öyrəndik. Onların qeydiyyat ünvanları Türkiyədədirsə, heç bir dəyişiklik etmədən oraya gedib səslərini verə bilərlər. Yaşayış yeri burada olan vətəndaşlar səsvermə dövrü başlayanda hava limanlarında da səs verə bilərlər”.
Azərbaycanda fəaliyyət göstərən şirkətlərdə 4 minə yaxın türk vətəndaşın çalışdığını söyləyən diplomat deyib ki, onların çoxu Gəncə konsulluğunun əhatə etdiyi rayonların ərazisində yaşayır və çalışır. Vətəndaşların rahatlığı üçün konsulluqlar istirahət günləri də fəaliyyət göstərəcək.
Xəbərin mətnində orfoqrafik səhv var