DÜNYA
Çinin “Şandon” təyyarədaşıyan gəmisi Tayvan ətrafındakı hərbi təlimlərə cəlb olunub VİDEO
Pekin, 10 aprel, AZƏRTAC
Çinin “Şandon” hərbi təyyarədaşıyan gəmisi Tayvan adasının ətrafında keçirilən hərbi təlimlərə cəlb olunub.
AZƏRTAC xəbər verir ki, Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) Tayvan adası ətrafında keçirdiyi təlimlərdə ilk dəfə iştirak edən “Şandon” gəmisi adanın blokadası və atəşə tutulmasının imitasiyasında yer alıb.
Qeyd edək ki, ÇXAO aprelin 8-də Tayvan adasının şimalında, cənubunda və şərqində dənizdə və havada döyüş hazırlığı təlimləri və patrul fəaliyyətini birləşdirən əməliyyatlara başlayıb. ÇXAO-nun Şərq qoşunları komandanlığı hərbi təlim və patrul fəaliyyətinin “Tayvanın müstəqilliyi”nə can atan separatçıların və onları dəstəkləyən xarici qüvvələrin təxribatlarına ciddi xəbərdarlıq, Çinin suverenliyinin və ərazi bütövlüyünün qorunması üçün vacib fəaliyyət olduğunu açıqlayıb. Əməliyyata hərbi dəniz, hərbi hava, habelə strateji raket və artilleriya qüvvələrinin çoxlu sayda texnikası və şəxsi heyəti cəlb olunub. Çin Mərkəzi Televiziyası adanın qurudan və sudan “atəşə tutulmasını” əks etdirən animasiya yayıb.
Tayvan tərəfi son sutka ərzində adanın ətrafında Çinə məxsus 70 hərbi təyyarə və 11 döyüş gəmisinin göründüyünü bildirib. Həmin təyyarələrdən 35-i tərəflərin təsir zonalarını məhdudlaşdırmalı olan hava və dəniz xəttini keçərək Tayvanın “Hava Hücumundan Müdafiə İdentifikasiya Zonası” (ADİZ) elan etdiyi ərazinin üzərindən uçub.
Xatırladaq ki, İkinci Dünya müharibəsindən sonra Çində vətəndaş müharibəsində Mao Cedonun rəhbərlik etdiyi kommunistlər 1949-cu ildə Çin Xalq Respublikasının (ÇXR) yaradıldığını elan ediblər. Çan Kayşinin liderliyindəki Koumintan qüvvələri Tayvan adasına köçərək Çin Respublikasının mövcudluğunun davam etdiyini bəyan edib. Ada Çin Xalq Respublikasının qurulmasından öncəki Çin Respublikasının bayrağını və bəzi atributlarını qoruyub saxlayır. Rəsmi Pekin isə Tayvandakı qondarma Çin Respublikasının mövcudluğunu qəbul etmir və adanı Çinin əyaləti hesab edir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin