HEYDƏR ƏLİYEV - 100
Kurqan vilayət Dumasının sədri: Heydər Əliyev Rusiyanın dostu idi, həmişə mehriban qonşuluq münasibətlərini təbliğ edirdi
Kurqan, 15 aprel, AZƏRTAC
Heydər Əliyev Azərbaycanın görkəmli siyasi xadimi, təkcə Azərbaycanda deyil, bütün keçmiş Sovet İttifaqında əlamətdar sima idi. Heydər Əliyev irəliyə getməyi və milyonlarla insanı öz arxasınca aparmağı bacarırdı.
Kurqan vilayət Dumasının sədri Dmitri Frolov bu sözləri AZƏRTAC-a müsahibəsində söyləyib.
O deyib: “Heydər Əliyevi Kurqan vilayətində də yaxşı tanıyırlar. 1985-ci ildə o bizim vilayətə gəlmişdi. Mən dəmiryol sahəsinin keçmiş işçisi kimi deyə bilərəm ki, bu səfər çox əhəmiyyətli oldu. Heydər Əliyev bizim Cənubi Ural dəmiryolunun ovaxtkı rəisi Veniamin Slosman ilə görüşdü. Heydər Əliyev əsrin tikintisi adlanan Baykal-Amur Magistralının tikintisinə kuratorluq etdiyinə görə, Kurqan dəmiryolçularının iş təcrübəsindən BAM-da da istifadə edilirdi. Bu gün biz Kurqanda Heydər Əliyevin 100 illik yubileyini qeyd edirik. Mən bu əlamətdar tarix münasibətilə bütün azərbaycanlıları təbrik edirəm”.
D.Frolov qeyd edib ki, Azərbaycanın və SSRİ-nin inkişafında Heydər Əliyevin rolunu lazımınca qiymətləndirmək çətindir. O deyib: “Heydər Əliyev Rusiyanın dostu idi, həmişə mehriban qonşuluq münasibətlərini təbliğ edirdi. Biz indi də cənub qonşularımızla mehriban münasibətlər qurmağa çalışırıq. Kurqanda azərbaycanlıların böyük diasporu yaşayır və işləyir. Onlar regionun ictimai-siyasi həyatında fəal iştirak edirlər”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Kurqan