DÜNYA
Ukrayna və Rusiya hərbçilərinin üz-üzə dayandığı məkan – Xerson şəhərindən reportaj VİDEO
Xerson, 26 may, AZƏRTAC
Rusiya-Ukrayna müharibəsində ən qaynar nöqtələrdən biri Xerson şəhəri və regionu olub. 2022-ci il fevralın 25-dən bu region Rusiya silahlı qüvvələrinin nəzarətinə keçib. Noyabrın 11-də isə Xerson şəhəri və vilayətin bir hissəsi işğaldan azad olunub. Lakin hələ də bu bölgə ən qaynar nöqtə hesab edilir. Çünki Xerson vilayətinin böyük bir hissəsi hələ də Rusiya hərbçilərinin nəzarətindədir.
AZƏRTAC-ın xüsusi müxbiri Xerson şəhərinə ezam olunaraq bölgədəki vəziyyətlə tanış olub.
Yol boyunca dağıdılmış evlər, artilleriya səsləri, çox ciddi nəzarət-buraxılış məntəqələri Xerson vilayətində əsl müharibə vəziyyətindən xəbər verir. Dnepr çayının sol cinahında Rusiya silahlı qüvvələrinin hərbçiləri cəmləşib, sağ sahilində isə Ukrayna hərbçiləri genişmiqyaslı əks-hücumlara hazırlaşır.
Reportaj zamanı Xerson şəhərinə bitişik Posad Pokrovskaya kəndində də olduq. Bu kənd işğal zamanı ən çox dağıdılan yaşayış məntəqələrindən biridir. Kəndin böyük hissəsi minalanıb. Orada olan zaman müasir texnikalar vasitəsilə kənddə minatəmizləmə işlərinin şahidi oldum.
Minatəmizləmə işləri ilə məşğul olan ukraynalı hərbçi Anton Semçuk AZƏRTAC-a bildirib ki, ərazi minalarla kütləvi şəkildə çirklənib. “Çoxlu minalar var. Hazırda kəndin ərazisi minalardan təmizlənir. Çalışırıq ki, insanlar normal gəzsinlər, qorxmasınlar”, - deyə hərbçi əlavə edib.
Xerson vilayətinin ərazisi indi də hər gün atəşə məruz qalır. Yenə də dağıntılar, itkilər, insan faciəsi yaşanır. İnsanlar təkrar hücum təhlükəsindən sığortalanmayıb. Ukrayna silahlı qüvvələri isə Dnepr çayının sol cinahını Rusiya hərbçilərindən təmizləmək üçün müvafiq tədbirləri gücləndirir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Xerson