DÜNYA
Çinin rəmzi sayılan tənbəl pandalar VİDEO














Pekin, 10 iyun, AZƏRTAC
Böyük panda, ayı panda və ya sadəcə panda - Çinin az qala rəmzinə çevrilmiş bu ayı növünün vətəni Sıçuan vilayəti hesab olunur. Çində nəsli kəsilməkdə olan bu sevimli heyvanlara maraq o qədər böyükdür ki, pandanın doğulması, ad günü, ölümü ictimaiyyətin böyük maraq göstərdiyi xəbərə çevrilir.
Nüfuzlu “China Daily” qəzetinin Sıçuan vilayətinin paytaxtı Çendu şəhərinə təşkil etdiyi mediatur çərçivəsində xarici jurnalistlər, o cümlədən AZƏRTAC-ın əməkdaşı panda qoruğunda olub.
Ağ-qara rəngin ahəng yaratdığı və ayıkimilər ailəsinə məxsus bu heyvanlar əsasən Çinin mərkəzi dağlıq hissəsində - Sıçuan və Tibet bölgəsində yaşayır. Onların sayının kəskin azalmağa başladığı bir vaxtda - 1987-ci ildə Sıçuanın paytaxtı Çendu şəhərinin yaxınlığında panda qoruğu yaradılıb. Hazırda Sıçuanda 5 panda qoruğu olsa da, onlardan ən böyüyü məhz Çendudakıdır. Burada pandaların mühafizəsi açıq təbiətdə həyata keçirilir. Sahəsi 100 hektara yaxın olan qoruqda başdan-başa bambuk ağacları əkilib. Panda yırtıcılar dəstəsinə aid olsa da, əsasən bitki ilə qidalanır. Adı “Qırmızı kitab”a düşən pandaların qida rasionunun 99 faizini bambuk ağacının tumurcuqları və yarpaqları təşkil edir. Bununla yanaşı, pandalar yumurta, kiçik böcəklər və bəzi quşlarla da qidalanırlar. Bəslənmə mərkəzlərində onlara vitamin və minerallarla zəngin qidalar da verilir. Günün təxminən yarısını yeyib-yatmaqla keçirən bu heyvanları əbəs yerə tənbəl adlandırmırlar. Mütəxəssislər pandaların saylarının azalmasının bir səbəbini elə bu xüsusiyyətləri ilə əlaqələndirirlər. Tənbəllik onların vəhşi təbiətdə sağ qalmalarına mane olan amillərdəndir. Müxtəlif hesabatlara və araşdırmalara görə, vəhşi təbiətdə 2-3 min böyük panda yaşayır. Xüsusi qoruq və heyvanxalardakı pandaların sayı isə 300 civarındadır.
Ağır hərəkət edən pandalar ağaca dırmaşmağı və ağacda yatmağı xoşlayırlar. Pandaları ziyarət etmək üçün ən yaxşı vaxt səhər çağı hesab olunur. Çünki bu vaxt onların nisbətən fəal olduğu saatlardır. Sevimli heyvanları görmək üçün nəinki Çinin müxtəlif yerlərindən, eləcə də xarici ölkələrdən də xeyli turist gəlir. Çendu qoruğu Çinin 4A kateqoriyalı ən yaxşı milli turizm məkanlarından sayılır. Buradakı hər pandanın öz adı var. Pandanın saxlanıldığı açıq zonanın qarşısındakı lövhədə panda haqqında ümumi məlumat, o cümlədən onun adı, doğum tarixi, cinsiyyəti, anasının adı, hətta həyat hekayəsi əksini tapıb. Çendu qoruğunda nəsli kəsilməkdə olan pandaların artırılması üçün elmi araşdırmalar da aparılır. Ümumiyyətlə, qoruqdakı pandalar daim mütəxəssislərin nəzarəti altındadır. Onlar xüsusi qayğı və diqqətlə əhatə olunublar.
Çinin uzun illərdir müxtəlif humanitar layihələr çərçivəsində xalq diplomatiyası üçün xarici ölkələrə panda bağışlamaq kimi bir ənənəsi var. Dünyanın müxtəlif heyvanxanalarında müəyyən müddət nümayiş olunan pandalar sonra yenidən vətəni Çinə qaytarılır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin