Fransada yeniyetmənin ölümündən sonra baş verən toqquşmalarda 77 nəfər saxlanılıb - YENİLƏNİB VİDEO
Bakı, 29 iyun, AZƏRTAC
Fransada davam edən və toqquşmalarla müşayiət olunan etiraz aksiyalarında azı 77 nəfər saxlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Paris polisinə istinadən “Le Figaro” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, etirazçılar Pablo Pikasso muzeyinə, Sena çayının cənub sahilindəki Meudondakı polis bölməsinə və bölgənin mağazalarına soxulmağa cəhd ediblər. Val-d'Oise departamentinin Bezons bələdiyyəsində ibtidai məktəb yandırılıb.
04:36
Fransanın Nanter şəhərində polis tərəfindən əlcəzair əsilli Nael adlı 17 yaşlı yeniyetmənin qətlə yetirilməsinə etiraz olaraq gənclər ikinci gündür ki, küçələrə çıxıblar.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, aksiya iştirakçıları ilə polis qüvvələri arasında toqquşmalar baş verib. Polis rezin güllələrdən istifadə edib. Polis zorakılığına etiraz edən nümayişçilər avtomobilləri və zibil yeşiklərini yandırıblar.
Fransa mediası Parisin bir çox bölgəsində etiraz aksiyalarının keçirildiyini bildirir.