Çində son 60 ildə ən çox isti gün qeydə alınıb VİDEO
Pekin, 3 iyul, AZƏRTAC
Çində son 60 ilin ən çox sayda isti günləri qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, məlumatı Çinin Milli İqlim Mərkəzi açıqlayıb. Bildirilir ki, cari il ərzində regional səviyyədə 4 isti hava hadisəsi qeydə alınıb, 21 dəfə ölkə səviyyəsində xəbərdarlıq elan edilib. Bu xəbərdarlıqların 4-ü dördpilləli sistem üzrə yuxarıdan 2-ci olan “narıncı” səviyyədə olub. Havanın hərarətinin 35 dərəcədən (Selsi) yuxarı olduğu isti günlərin sayı orta hesabla 4,1 olub. Bəzi yaşayış məntəqələrində isti günlərinin sayı 10-dan da çox olub.
Anomal isti hava ən çox Çinin şimal hissəsində yerləşən bölgələrdə, o cümlədən Hebey əyalətində müşahidə olunub. Hebeydə əyalət səviyyəsində 452 dəfə “qırmızı” (ən yüksək) səviyyədə xəbərdarlıq elan edilib. Bundan başqa, paytaxt Pekin və Tiencin şəhərlərində bir neçə gündür ki, anomal isti hava müşahidə olunur. Havanın hərarəti bəzən 40 dərəcəni (Selsi) ötüb. Ümumiyyətlə, 40 dərəcə isti hava 200 milyon insan yaşadığı bölgəni əhatə edib. Proqnozlara görə, bu cür hava şəraiti qarşıdakı günlərdə də davam edəcək.
Qeyd edək ki, iyunun ortasından etibarən Çində, xüsusən də ölkənin şimal hissəsində anomal isti hava müşahidə olunur. Paytaxt Pekində isə 2014-cü ildən sonra havanın hərarəti ilk dəfə 40 dərəcəni ötüb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin