MƏDƏNİYYƏT
Dünya şöhrətli qazaxıstanlı skripka ifaçısının V Qəbələ Beynəlxalq Musiqi Festivalında çıxışı alqışlarla qarşılanmışdır VİDEO
Qəbələ, 30 iyul (AZƏRTAC). Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən V Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 30-da dünya şöhrətli qazaxıstanlı skripkaçı Ayman Musaxacayeva çıxış etmişdir.
AZƏRTAC xəbər verir ki, məşhur ingiltərəli musiqiçi Jan Lothem Koniqin dirijorluğu ilə keçirilən konsertdə klassik rus və Avropa bəstəkarlarının əsərlərindən parçalar səsləndirilmişdir.
Ayman Musaxacayeva Yerusəlim Simfonik Orkestrinin müşayiəti ilə P.Çaykovskinin, İ.Bramsın əsərlərini təqdim etmişdir.
Öz əsrarəngiz ifası ilə dünyaya səs salan Ayman Musaxacayeva Azərbaycan tamaşaçılarına və xarici ölkələrdən Qəbələyə gəlmiş turistlərə unudulmaz gecə bəxş etmişdir.
UNESCO-nun “Sülh Artisti” fəxri adına layiq görülmüş Ayman Musaxacayeva dünya ölkələri arasında mədəniyyətin və incəsənətin dialoqunu, qarşılıqlı mədəni əlaqələrin inkişafını, musiqi mədəniyyətini təbliğ etmək üçün Şərqi Avropa ölkələrində qastrol səfərlərində olmuşdur. Adı Kembric Universitetinin Beynəlxalq Bioqrafiya Mərkəzinin illik nəşri olan “XX əsrin ən görkəmli musiqiçiləri” fəxri siyahısına daxil edilən Ayman Musaxacayeva, eyni zamanda, Qazaxıstan İncəsənət Universitetinin rektoru, Xalq Artisti, Dövlət mükafatı laureatı, Beynəlxalq Yaradıcılıq Akademiyasının akademikidir.
Bir sıra nüfuzlu beynəlxalq müsabiqələrin münsiflər heyətinin üzvü olan Ayman Musaxacayevanın Avstriya, ABŞ, Koreya Respublikası, Fransada hər il keçirdiyi ustad dərslərinə yüzlərlə musiqiçi axışır.