DÜNYA
Əfqanıstanda zəlzələdə həlak olanların sayı 2,4 min nəfəri ötüb - YENİLƏNİB VİDEO
Bakı, 8 oktyabr, AZƏRTAC
Oktyabrın 7-də Əfqanıstanın qərbində baş vermiş zəlzələdə həlak olanların sayı 2,4 min nəfəri ötüb.
AZƏRTAC xəbər verir ki, bu barədə “TOLO News” kanalı Taliban hökumətinin rəsmisinə istinadla məlumat yayıb.
Fəlakətlərin İdarə Edilməsi Nazirliyinin nümayəndəsi Məhəmməd Canan Saikin sözlərinə görə, zəlzələ nəticəsində ölənlərin sayı 2400-ü ötüb, ən azı 2000 nəfər yaralanıb.
Saik daha əvvəl zəlzələ qurbanlarının sayının 9240 nəfərə yaxın olduğunu bildirsə də, sonradan bu məlumat təkzib edilib.
14:44
Əfqanıstanın qərbində baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 2 min nəfərə çatıb.
AZƏRTAC “Əl-Cəzirə”yə istinadla xəbər verir ki, bunu yüksək səviyyəli Taliban lideri bildirib. O qeyd edib ki, bu rəqəm daha da arta bilər.
Qətərdəki Taliban sözçüsü Suhail Shaheen Əl-Cəzirə telekanalına bildirib ki, Herat əyalətində baş verən 6,3 bal gücündə zəlzələ nəticəsində dağıntılar altında çoxlu insan qalıb və xilasetmə əməliyyatları davam edir.
ABŞ Geoloji Xidmətinin məlumatına görə, 6,3 bal gücündə zəlzələ şənbə günü saat 11:00 radələrində Herat şəhərindən 40 km şimal-qərbdə baş verib. Güclü yeraltı təkanlar qonşu Badqis və Fərəh əyalətlərində də hiss olunub.