Korsika Milli Azadlıq Cəbhəsi adadakı 24 partlayışın məsuliyyətini üzərinə götürüb VİDEO
Korsika, 10 oktyabr, AZƏRTAC
Korsika Milli Azadlıq Cəbhəsi (FLNC) Korsika adasında oktyabrın 8-dən 9-na keçən gecə törədilmiş silsilə 24 partlayışa görə məsuliyyəti üzərinə götürüb. Yayılan bir cümləlik kommunikedə deyilir: “Bizim Fransa ilə ortaq taleyimiz yoxdur”
AZƏRTAC xəbər verir ki, FLNC bununla dövlətə və "Korsika üçün muxtariyyət"in konturlarını müəyyən etmək məqsədilə seçilmiş nümayəndələrə mesaj göndərib.
Həmçinin bu kommunikenin sentyabrın 28-də Emmanuel Makronun adaya səfəri çərçivəsində ərazi icra hakimiyyətinin başçısı Jil Simeoninin “dövlət və Fransa Respublikası daxilində bu günü və gələcəyi qurmaq üçün dialoq qurmağa” dair istəyinə cavab olduğu bildirilir. Bir cümlədən ibarət kommunike FLNC-ın J.Simeoninin söylədikləri ilə razılaşmadığını göstərir.

Xatırladaq ki, FLNC-Döyüşçülər İttifaqı əvvəlcə 2014-cü ildə, sonra isə 2016-cı ildə açıq şəkildə silahları yerə qoyub. Bu, muxtariyyət və müstəqillik tərəfdarlarının Korsika Milli Assambleyasına gəlişi ilə eyni vaxta təsadüf edir. Gizli mübarizə o zaman yatırılıb. Ancaq bir neçə aydır ki, FLNC hücumları bərpa edib. Son iki ildə təxminən 30 hücum olub. Cəbhə oktyabrın 9-da bir gecədə Korsikada baş vermiş 24 partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
FLNC avqustun 1-də “Corse-Matin” jurnalına göndərdiyi kommunikedə “Korsika xalqının öz torpaqlarında hüquqlarının tanınması təsdiq edilənə qədər Korsika və Fransa arasında heç bir saziş ola bilməz”, -deyə xəbərdarlıq edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Korsika