CƏMİYYƏT
27 ölkədən 220-dən çox valideynlər qrupu İqlim Sammitinin nümayəndələrinə müraciət ediblər
Madrid, 5 dekabr, AZƏRTAC
İqlim dəyişmələrinə qarşı “Uşaqlarımız: iqlim və valideynlər gələcək naminə” beynəlxalq hərəkatı bu gün Madriddə BMT-nin İqlim Sammitinə toplaşan liderlərdən qlobal istiləşməyə qarşı daha təsirli və təxirəsalınmaz tədbirlər görülməsini tələb ediblər.
AZƏRTAC xəbər verir ki, 27 ölkədən 220-dən çox valideynlər qrupu uşaqların sağlamlığını, həyatını və gələcəyini müdafiə etmək üçün İqlim Sammitinin nümayəndələrinə birgə bəyanat imzalayıblar. Bəyanatda deyilir: “Əgər iqlim dəyişmələrinin qarşısı alınmasa, onun ağır nəticələri uşaqlarınıza elə bir vaxtda zərbə endirəcək ki, onda siz onlara daha kömək edə bilməyəcəksiniz. Amma bu gün edə bilərsiniz. İqlim dəyişmələri ilə bağlı təbii fəlakətlər artıq yeni normaya çevrilib. Uşaqların sağlamlığı, həyatı və gələcəyi iqlim xaosu səbəbindən təhlükə altındadır. Razılaşmalıyıq ki, biz uşaqlarımıza məhz belə dünya bəxş edirik. Bu, mənəvi ədalətsizlikdir. Və biz də bir ata və bir ana kimi, vaxtımızı uşaqlarımızın gələcəyinin necə oğurlandığını müşahidə edərək boş keçirmək niyyətində deyilik”.
Müraciətdə belə bir fakt vurğulanır ki, indiki siyasi addımlar planetimizi qlobal temperaturların 3 dərəcədən 4 dərəcəyə yüksəldiyi fəlakətli yola sürükləyir.
Valideynlər hərəkatının müraciəti 19 dilə tərcümə olunub. “plea.parentsforfuture.org” veb saytında sənədi imzalayanların yenilənmiş siyahısı ilə tanış ola bilərsiniz. Bəyanat iqlim dəyişmələrinə qarşı mübarizə aparan daha çox təşkilatın qoşula bilməsi üçün açıqdır.
2015-ci ildə yaradılan ”Uşaqlarımız: iqlim və valideynlər gələcək naminə” hərəkatı BMT ilə 2019-cu ildən əməkdaşlıq edir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid