CƏMİYYƏT
27 saylı Sabunçu ikinci dairə seçki komissiyasında maarifləndirici treninqlər davam edir
Bakı, 27 noyabr, AZƏRTAC
Mərkəzi Seçki Komissiyasının bələdiyyə seçkiləri ilə bağlı fəaliyyət planına müvafiq olaraq məntəqə seçki komissiyasının üzvləri üçün maarifləndirici treninqlər davam edir.
AZƏRTAC xəbər verir ki, dairə seçki komissiyasının sədri Nadir Əjdərov dairə üzrə 39 seçki məntəqəsinin olduğunu deyib. Bildirib ki, seçki dairəsi üzrə seçicilərin sayı 51 min 605 nəfərdir. Seçki dairəsi üzrə bütün seçki məntəqələri tam təmirlidir.
Qeyd olunub ki, 27 saylı Sabunçu ikinci seçki dairəsi dairə seçki komissiyasında keçirilən treninqlərdə plana uyğun olaraq 39 məntəqə seçki komissiyasının sədri və komissiya üzvlərinin iştirakı nəzərdə tutulub.
Diqqətə çatdırılıb ki, dairə və məntəqə seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsinin artırılması, seçkilər sahəsində bilik, bacarıq və vərdişlərinin daha da təkmilləşdirilməsi məqsədilə MSK-nın Treninq Qrupu tərəfindən yerlərdə keçirilən treninqlərin cədvəli, eləcə də seçki günü əsas seçki hərəkətləri ilə bağlı slaydlar hazırlanıb. Treninqlərdə trenerlər iştirakçıları səsvermə günü onların görəcəkləri işlərlə, seçki məntəqələrinin açılışına hazırlıqlarla, səsvermə saatlarında reallaşdırılacaq tədbirlərlə bağlı təqdimatlarla və slaydlarla izahlı şəkildə məlumatlandırırlar.
Məlumat verilib ki, məntəqələr seçki kabinələri, təşviqat lövhələri, məlumat lövhələri, generatorlar, elektrik fənərləri, dövlət bayraqları, dövlət gerbləri, daşınmaz və daşınan seçki qutuları, seçici siyahısı lövhələri, qeydiyyat dəftərləri, təlimat, Azərbaycan Respublikasının Seçki Məcəlləsi, Azərbaycan Respublikasının Bələdiyyə seçkiləri ilə bağlı təlimatlarla təmin olunub.
Treninqdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.