Çin “Şencou-17” kosmik missiyasını orbitə göndərəcək VİDEO

Pekin, 25 oktyabr, AZƏRTAC
Çinin kosmik stansiyasında fəaliyyət göstərmək üçün növbəti missiya olan “Şencou-17” (Shenzhou-17) kosmik gəmisinin orbitə çıxarılma vaxtı və missiyada iştirak edəcək astronavtlar məlum olub.
AZƏRTAC Çinin Kosmos Agentliyinə istinadla xəbər verir ki, “Şencou-17” missiyasında astronavtlar Tan Honbo, Tan Şencie və Cian Sinlin iştirak edəcəklər. Kosmik gəmini orbitə aparacaq daşıyıcı raketin buraxılışı yerli vaxtla oktyabrın 26-da saat 11:14-də Ciuçüən kosmodromunda baş tutacaq.
Bu, Çinin orbitə göndərdiyi 12-ci pilotlu missiyası, ümumilikdə isə 30-cu missiyasıdır. “Şencou-16” missiyasını əvəzləyəcək heyətin kosmik stansiyada təxminən 6 ay stansiyada qalması nəzərdə tutulur. Astronavtlar kosmik stansiyada bir neçə tapşırıq və test həyata keçirəcəklər.
ÇXR-in kosmos proqramının vacib mərhələsi olan kosmik stansiya idarəetmə mərkəzi və heyətin yaşayış yerini əhatə edən əsas modul (“Tianhe”), “Wentian” və “Mengtian” adlı iki laboratoriya modulundan ibarətdir. “Tianhe” 2021-ci ilin aprelində, laboratoriya modulları isə 2022-ci ilin aprelində və oktyabrında kosmosa çıxarılaraq quraşdırılıb. Ümumi çəkisi 70 ton təşkil edən stansiya aşağı Yer orbitində, təxminən 340-450 kilometr yüksəklikdə fəaliyyət göstərir. Kosmik stansiyanın 15 ildən çox istifadə olunması nəzərdə tutulub.
Pekin