Braziliya Amazoniyasında tarixi quraqlıq nəticəsində rekord sayda yanğın qeydə alınıb VİDEO
Bakı, 2 dekabr, AZƏRTAC
Noyabrda Braziliya Amazoniyasında 13943 meşə yanğını qeydə alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 26 faiz çoxdur. Ötən ay müşahidə edilən və son 6 il ərzində ən yüksək olan bu göstəriciyə tarixi quraqlıq səbəb olub.
AZƏRTAC xəbər verir ki, Braziliyanın Elm və Texnologiya Nazirliyinin məlumatına görə, noyabr yağışlarının çaylarda suyun səviyyəsini qismən qaldırmasına baxmayaraq, regionda gəmiçiliklə bağlı çətinliklər səbəbindən təcrid olunmuş böyük ərazilər əvvəlki kimi qalmaqdadır, onlarca bələdiyyə təhlükə vəziyyətindədir.
Təbii fəlakətləri müşahidə və erkən xəbərdarlıq üzrə milli mərkəzin (Cemaden) məlumatına görə, hazırkı quraqlıq 2015-ci və 2016-cı illərlə müqayisədə bu il daha intensiv olan El-Ninyo hadisəsinin nəticəsidir.
Amazoniyada yağıntıların sayının kəskin şəkildə azalmasına Atlantik tropik istiləşməsi və son həftələr Braziliyada qeydə alınan rekord temperaturlar da təkan verib.
Ölkə Prezidenti Lula da Silva bu vəzifəyə gələn məqamdan 2030-cu ilədək meşələrin qeyri-qanuni qırılmasının qarşısını almaq və regionda son illər nüfuzunu artıran mütəşəkkil cinayətkarlığa qarşı mübarizə planını yeritmək məqsədilə Amazon regionunda resursları və nəzarəti artırıb. Dəyərləndirməyə görə, görülən tədbirlər 2023-cü ilin ilk 9 ayında 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə Amazoniyada meşələrin qırılmasının 49,9 faiz azaldılmasına imkan verib.