İQTİSADİYYAT
“28 May” NQÇİ-nin “Günəşli” yatağı müasir avadanlıqla təchiz olunmuşdur
Bakı, 7 mart (azərTAc). ARDNŞ-in “Azneft” İstehsalat Birliyində (İB) neft-qaz hasilatının sabit saxlanılması üçün müasir tələblərə cavab verən yeni avadanlığın, yeni texnologiyaların tətbiq olunması istiqamətində mühüm tədbirlər həyata keçirilir.
İB-dən AZƏRTAC-a bildirmişlər ki, “28 May” NQÇİ-nin “Günəşli” yatağında yerləşən quyuların müasir təhlükəsizlik tələblərinə cavab verən quyuağzı avadanlıqla təchiz olunması və məsafədən idarə olunması istiqamətində mühüm işlər görülmüşdür. Bu məqsədlə fontan armaturlarının “yolka” hissələrində hidravlik üsulla idarə olunan 67 mərkəzi və 134 yan hidravlik siyirtmə alınmışdır. Həmin siyirtmələrin quyularda quraşdırılmasına başlanılmışdır.
Eyni zamanda, “28 May” NQÇİ-də istismar müddətini başa vurmuş “traktor” tipli qaldırıcıların daha müasir qazma avadanlığı dəsti (NBO) ilə əvəz olunması məqsədilə 10 dəst yeni NBO qurğuları alınmışdır. Artıq 4 NBO qurğusu quraşdırılmış və bunlardan 2-si istismara buraxılmışdır.