DÜNYA
Çinin ali qanunverici orqanının illik sessiyası başlayıb VİDEO
Pekin, 5 mart, AZƏRTAC
Çinin ali qanunverici orqanı olan Çin Xalq Nümayəndələri Yığıncağının illik sessiyası işə başlayıb. Qanunverici orqanın sessiyası Çində ilin əsas siyasi hadisəsidir.
AZƏRTAC xəbər verir ki, sessiyasının açılış mərasimində Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin və ölkənin digər rəhbər şəxsləri iştirak edirlər. Çinin müxtəlif bölgələrindən təxminən 3 min nümayəndənin qatıldığı sessiyada Dövlət Şurasının sədri (Baş nazir) Li Çian hökumətin hesabatını təqdim edib.
Martın 11-dək davam edəcək 14-cü çağırış Çin Xalq Nümayəndələri Yığıncağının 2-ci sessiyasında ölkə həyatının müxtəlif sahələrinə aid məsələlərlə bağlı müzakirələr aparılacaq, müvafiq qərarlar qəbul olunacaq. Sessiyanın gedişində hökumətin hesabatı müzakirə olunacaq, ötən il üçün milli iqtisadi və sosial inkişaf planının nəticələri, büdcənin icrası nəzərdən keçiriləcək, cari maliyyə ili üçün plan və büdcə təsdiqlənəcək. Bundan əlavə, yığıncağın Daimi Komitəsinin, Ali Xalq Məhkəməsinin, Ali Xalq Prokurorluğunun hesabatları dinləniləcək, ölkə əhəmiyyətli digər məsələlərə baxılacaq.
Qeyd edək ki, Xalq Nümayəndələri Yığıncağı Çində dövlət hakimiyyətinin ali orqanıdır, dövlətin qanunverici funksiyalarını həyata keçirir, ölkə həyatının mühüm sahələrinə dair qərarlar qəbul edir. Yığıncaq 5 ildən bir Çin Xalq Respublikasının Sədrini və onun müavinlərini seçir, Dövlət Şurasının (Nazirlər Kabineti) sədrini və Şuranın digər üzvlərini təsdiq edir, Mərkəzi Hərbi Şuranın, Ali Xalq Məhkəməsinin sədrlərini və Ali Xalq Prokurorluğunun baş prokurorunu seçir. Çin Xalq Nümayəndələri Yığıncağının hər çağırışının səlahiyyət müddəti 5 ildir, onun sessiyaları ildə bir dəfə çağırılır. Sessiyalar arasında olan müddət ərzində yığıncağın funksiyalarını onun Daimi Komitəsi həyata keçirir.
Yığıncağın ildə bir dəfə keçirilən sessiyası adətən martın əvvəlində baş tutur. Amma COVID-19 böhranı ilə əlaqədar 2020-ci ildəki sessiya mayda keçirilmişdi.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin