DÜNYA
Çin ali qanunverici orqanının illik sessiyası başa çatıb VİDEO

Pekin, 11 mart, AZƏRTAC
Çinin ali qanunverici orqanı olan Xalq Nümayəndələri Yığıncağının illik sessiyası başa çatıb.
AZƏRTAC xəbər verir ki, martın 11-də 14-cü çağırış Çin Xalq Nümayəndələri Yığıncağının 2-ci sessiyasının yekun iclasında hökumətin hesabatı, ölkənin 2024-cü il üçün sosial-iqtisadi inkişaf planı, dövlət büdcəsi təsdiqlənib. Bundan başqa, Dövlət Şurası haqqında Əsas Qanuna düzəliş edilib, Yığıncağın Daimi Komitəsinin, Ali Xalq Məhkəməsinin, Ali Xalq Prokurorluğunun hesabatları dinlənilib.
Qeyd edək ki, təxminən 3 min nümayəndənin iştirak etdiyi 14-cü çağırış Çin Xalq Nümayəndələri Yığıncağının 2-ci sessiyası martın 5-də işə başlayıb. Açılış iclasında hökumətin hesabatını təqdim edən Dövlət Şurasının sədri (Baş nazir) Li Çian bildirib ki, hökumət cari ildə ümumi daxili məhsulun (ÜDM) artımının 5 faiz civarında olacağını hədəfləyir. 2024-cü il üçün əsas hədəflərindən biri də 12 milyon yeni iş yerinin yaradılmasıdır.
Xalq Nümayəndələri Yığıncağı Çində dövlət hakimiyyətinin ali orqanıdır, dövlətin qanunverici funksiyalarını həyata keçirir, ölkə həyatının mühüm sahələrinə dair qərarlar qəbul edir. Yığıncaq Çin Xalq Respublikasının Sədrini və onun müavinlərini, Mərkəzi Hərbi Şuranın, Ali Xalq Məhkəməsinin sədrlərini və Ali Xalq Prokurorluğunun baş prokurorunu seçir, Dövlət Şurasının (Nazirlər Kabineti) sədrini və Şuranın digər üzvlərini təsdiqləyir.
Çin Xalq Nümayəndələri Yığıncağının hər çağırışının səlahiyyət müddəti beş ildir, onun sessiyaları ildə bir dəfə adətən martın əvvəlində keçirilir.
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin