DÜNYA
Koreya müharibəsindən dərs almaq üçün yaradılan muzey VİDEO
Seul, 16 mart, AZƏRTAC
Hər bir xalqın taleyində, xüsusən də müharibələr yaşamış xalqların keçmişində ağrılı-acılı hadisələrə rast gəlmək olur. Ərazisi daim qonşu ölkələrin istilasına məruz qalan Koreya xalqı da belələrindəndir. Yapon istilası, 2-ci Dünya müharibəsi bitər-bitməz bu torpaqlar daha bir faciə, tarixə elə Koreya müharibəsi adı ilə düşən bir savaş yaşadı. 1950-1953-cü illəri əhatə edən həmin müharibədə 3 milyona yaxın insan ölüb. Koreya müharibəsi koreyalıların yaddaşında acı izlər buraxıb. Paytaxt Seulun mərkəzində, vaxtilə Koreya ordusunun baş qərargahının olduğu ərazidə yerləşən memorial kompleksi Koreya xalqının ikiyə bölünməsi ilə nəticələnən həmin müharibədən dərs almaq və iki Koreyanın birləşməsi ümidi ilə yaradılıb.
AZƏRTAC-ın müxbirinin Koreya müharibəsi muzeyi barədə qeydlərini təqdim edirik.
Dünyada oxşar məkanlar arasında ən irilərindən biri olan Koreya müharibə memorialı Seula gələn yerli və əcnəbi turistlərin ən çox baş çəkdiyi məkanlardandır. Memorialın 6 qapalı zalı və açıq hava sərgi mərkəzi var. Burada Koreya müharibəsində cəbhənin hər iki tərəfində istifadə olunmuş silahlar, hərbi texnika nümayiş olunur. Muzeydə qarşı tərəfdən qənimət kimi ələ keçirilmiş silah və texnika da saxlanılır. Onların arasında təyyarələr, tanklar, “Katyuşa” qurğuları və s. var. Ən maraqlı eksponatlardan biri keçmiş Sovet istehsalı olan ZİS-110 avtomobilidir. O, vaxtilə Şimali Koreyanın qurucu lideri Kim İr Senin xidməti avtomobili olub.
Kompleksdə Koreya və Vyetnam müharibələrində həlak olan koreyalıların, habelə müxtəlif vaxtlarda xidmət zamanı ölən hərbçilərin, polislərin adları həkk edilmiş lövhələr var.
Muzey kompleksin ərazisində Cənubi Koreya silahlı qüvvələrinin qoşun növlərinin bayraqları ilə yanaşı, müharibədə Cənubi Koreya tərəfdən vuruşmuş ölkələrin bayraqları da dalğalanır. Burada Koreya müharibəsində 21 min 212 nəfər şəxsi heyətlə iştirak etmiş qardaş Türkiyənin də bayrağını görmək olur.
Atatürkün “Yurdda sülh, cahanda sülh” şüarını əsas götürən Türkiyə 1950-ci ildə BMT qüvvələrinin tərkibində Cənubi Koreyaya dəstək üçün hərbi qüvvələr göndərməyə başlayıb. Koreya müharibəsində Türkiyə ordusunun 721 hərbçisi şəhid olub, 175-i itkin düşüb, 234-ü əsri götürülüb, 2147 nəfəri isə yaralanıb. Türkiyə itkilərin sayına görə müttəfiq ölkələr arasında ABŞ-dan sonra ikinci olub.
Cənubi Koreya xalqı o çətin günlərdə müttəfiqlərin, o cümlədən qardaş Türkiyənin dəstəyini minnətdarlıqla xatırlayır. Xatirə kompleksinin əsas binasındakı zallardan biri məhz dost ölkələrin Koreya müharibəsində həlak olan hərbçilərinin xatirəsinə təsis edilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Seul