29 sentyabr – Dünya Ürək Günüdür
Bakı, 29 sentyabr (AZƏRTAC). Dünya Ürək Federasiyası dünyanın 100-dən çox ölkəsində ürək cəmiyyətləri və ürək fondlarının birgə səyi sayəsində 200 üzv təşkilatın birləşmiş icması vasitəsilə bütün dünyada ürək xəstəliklərinə qarşı mübarizə aparır.
Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətindən AZƏRTAC-a bildirmişlər ki, bizim kollektiv səylərimiz nəticəsində bütün dünyadakı insanlara daha uzun və daha yaxşı yaşamaq şansı verilir. Hər il qeyd olunan Dünya Ürək Günü bu il sentyabrın 29-na təsadüf edir. Dünya Ürək Federasiyası hər il fərqli şüarla bu günü qeyd edir. “Tək Dünya, Tək Ev, Tək Ürək” Dünya Ürək Gününün builki şüarıdır.
Dünya Ürək Federasiyası üzv və tərəfdaş təşkilatlarla birgə bu gün üçün xüsusi tədbirlər planı hazırlayır və bu plana uyğun olaraq insanları ürək xəstəliklərinə və onlardan qorunmaq üçün diqqətli olmağa çağırır. Təşkil olunan fəaliyyətlərə ictimai söhbətlər və filmlərin göstərilməsi, gəzintilər, konsertlər, idman tədbirləri, aksiyaların təşkili, maarifləndirici bukletlərin paylanması və s. daxildir.
Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) artıq bir neçə ildir ki, Dünya Ürək Günü ilə bağlı Bakıda və ölkənin ayrı-ayrı regionlarında bu qəbildən silsilə tədbirlər keçirir. Ötən il “Dünya Ürək Günü”nə həsr olunmuş “Mən ürəklə işləyirəm” mövzusunda beynəlxalq elmi konfrans, ticarət mərkəzlərində aksiyalar təşkil edilmiş, uşaq evinin sakinləri kardioloji müayinədən keçirilmişdir.
Bu il də AÜDCC tərəfindən bir sıra silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Tibb Universitetinin tələbələrinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə seminar-mühazirələrin keçirilməsi, maarifləndirici məlumat kitabçalarının paylanması nəzərdə tutulmuşdur. Dünya Ürək Federasiyası tərəfindən hazırlanmış maarifləndirici buklet Azərbaycan dilinə tərcümə edilmişdir.
Oktyabrın 1-də isə Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, tibb elmləri namizədi Kamran Musayevin Dünya Ürək Günü ilə bağlı “İrəli” İctimai Birliyində gənclərlə görüşü keçiriləcəkdir.
######
