CƏMİYYƏT
2 saylı Klinik Uşaq Xəstəxanasında Uşaq nefrologiyası şöbəsi fəaliyyətə başlayıb
Bakı, 6 iyul, AZƏRTAC
Kliniki Tibbi Mərkəzin (KTM) tabeliyindəki 2 saylı Klinik Uşaq Xəstəxanasında Uşaq nefrologiyası şöbəsi fəaliyyətə başlayıb.
AZƏRTAC Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, Azərbaycanın bütün bölgələrindən 1 yaşdan 17 yaşadək olan uşaqların gətirilə biləcəyi şöbədə əsasən böyrək patologiyasından əziyyət çəkənlər müalicə olunur. Burada laborator və ultrasəs müayinələr, böyrək testləri, analizləri və digər müayinələr də həyata keçirilir.
Kəskin və xroniki qlomerulnefritlər, irsi nefritlər, kəskin və xroniki pielonefritlər, kəskin və xroniki böyrək çatışmazlığı, ikincili nefropatiyalar şöbə həkimlərinin daha çox rastlaşdığı xəstəliklərdir.
2 saylı Klinik Uşaq Xəstəxanasının gələcəkdə çoxprofilli uşaq tibb mərkəzinə çevrilməsi planlaşdırılır və bu məqsədlə artıq tibb ocağında bir sıra yeniliklər həyata keçirilir. Onlardan biri də Uşaq nefrologiyası şöbəsinin burada yenidən qurulması və inkişaf etdirilməsidir.