Kiyevdə enerji böhranı – VİDEOREPORTAJ
Kiyev, 5 iyun, AZƏRTAC
Son günlər paytaxt Kiyev də daxil olmaqla, Ukraynanın bütün bölgələrində ciddi enerji böhranı yaşanır.
AZƏRTAC xəbər verir ki, paytaxt Kiyevdə sutka ərzində orta hesabla təxminən 6-7 saat elektrik enerjisi verilir. Elektrik enerjisinin kəsilməsi intensivləşib, enerjinin kəsilməsi qrafiklə həyata keçirilmir.
Enerji böhranı Kiyev şəhərini generatorlar məngənəsində sıxır. İaşə obyektləri, ərzaq dükanları, xəstəxanalar, kafelər, ticarət mərkəzləri generatorlar hesabına fəaliyyət göstərirlər.
Ukraynada davam edən müharibə insanların həyatına fərqli sahələrdə təsir edir. Bu gün enerji böhranı, paytaxt Kiyev də daxil olmaqla, bütün Ukrayna ərazisində vətəndaşların gündəlik probleminə çevrilib.
Kiyev sakini Vasiliy Nikolayeviç AZƏRTAC-a açıqlamasında bildirib ki, o, müharibə nəticəsində evləri dağılmış insanlardan biridir.
“Müvəqqəti şəhərcikdə məskunlaşmışıq. Burada 500 nəfər, o cümlədən 75 uşaq yaşayır. Hazırda elektrik enerjisi intensiv şəkildə kəsilir. Bu da gündəlik işimizdə problemlər yaradır. Soyuducularımızda məhsullarımız xarab olur. Öncədən gündəlik qidalarımızı hazırlayırıq. Əsas köməyimizə generatorlar gəlir. Yeri gəlmişkən, fürsətdən istifadə edib, Azərbaycan dövlətinə Ukraynaya enerji avadanlıqları, o cümlədən generatorlarla etdiyi köməyə görə təşəkkür edirəm. Bu çətin gündə Azərbaycan Ukraynaya dost əlini uzadır”, - deyə o bildirib.
Paytaxt sakini Svetlana Stekaçenko isə AZƏRTAC-a açıqlamasında elektrik enerjisinin intensiv söndürülməsinin insanların iş rejiminə təsir etdiyini söyləyib.
“Normal işləmək olmur. İaşə obyektləri, müəssisələr yalnız generatorların hesabına fəaliyyətlərini davam etdirə bilirlər. Vətəndaşlar müharibənin acı nəticələrini yaşayırlar. Bizə enerji təchizatında kömək edən dövlətlərə, o cümlədən Azərbaycana təşəkkürümü bildirmək istəyirəm”, - deyə Kiyev sakini əlavə edib.
“Ukrenergo”nun İdarə Heyətinin rəhbəri Vladimir Kudritski KİV-lərə müsahibəsində bildirib ki, Avropa İttifaqı ölkələrindən Ukraynaya elektrik enerjisi idxalı artıb və demək olar ki, maksimuma çatıb. Onun sözlərinə görə, əgər son bir neçə gündə Ukraynanın idxal etdiyi maksimum güc 1400 MVt-dan çox idisə, hazırda 1650 MVt-dır. “Yəni bu, idxala icazə verilən 1700 MVt-lıq dövlətlərarası kəsişmənin demək olar ki, tam yüküdür və bu, çatışmazlıq dövründə Ukraynanın enerji sisteminə əhəmiyyətli dəstəkdir”, - deyə V.Kudritski əlavə edib. Onun fikrincə, səbəblər idxal deyil, Rusiyanın zərbələri nəticəsində Ukrayna elektrik stansiyalarına ciddi ziyan dəyməsi fonunda istehlakın əhəmiyyətli dərəcədə artmasıdır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev