Si Cinpin və Viktor Orban Ukrayna məsələsini müzakirə ediblər VİDEO

Pekin, 8 iyul, AZƏRTAC
Pekində səfərdə olan Macarıstanın Baş naziri Viktor Orban Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşdə Ukrayna böhranına dair geniş fikir mübadiləsi aparıb.
AZƏRTAC Çinin rəsmi mediasına istinadla bildirir ki, görüşdə Viktor Orban Ukraynaya və Rusiyaya son səfərləri haqqında məlumat verib.
Macarıstan Baş nazirinin Ukrayna böhranının siyasi həlli istiqamətində səylərini yüksək qiymətləndirən ÇXR Sədri ölkəsinin məsələ ilə bağlı mövqeyini xatırladıb. Si Cinpin tezliklə atəşkəsin və siyasi nizamlanmanın bütün tərəflərin maraqlarına cavab verdiyini vurğulayaraq, döyüş sahəsinin genişlənməsinin qarşısını almaq, hərbi əməliyyatları artırmamaq, tərəflərin atəşi alovlandırmamaq prinsiplərinə riayət etməklə vəziyyətin sakitləşdirilməsinin prioritet olduğunu söyləyib.
Çin Lideri beynəlxalq ictimaiyyəti iki tərəf arasında birbaşa dialoq və danışıqların bərpasına şərait yaratmağa, bu prosesə dəstək verməyə çağırıb. Bildirib ki, yalnız bütün böyük ölkələr mənfi deyil, müsbət enerji sərf edərsə, bu münaqişədə atəşkəs mümkün qədər tez əldə edilə bilər.
"Çin sülh danışıqlarını fəal şəkildə təbliğ edir, böhranın dinc yolla həllinə töhfə verən bütün səyləri dəstəkləyir", - deyən Si Cinpin əlavə edib ki, Çin və Macarıstanın əsas mövqeləri və səyləri üst-üstə düşür. Eyni zamanda, rəsmi Pekin Macarıstanla və bütün müvafiq tərəflərlə təmasları saxlamağa hazırdır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin