SİYASƏT
Vayra Vike-Freyberqa: Azərbaycan Latviyanın etibarlı dostudur VİDEO
Bakı, 5 sentyabr (AZƏRTAC). Azərbaycan Latviyanın etibarlı dostudur. Latviya və Azərbaycanın rəsmi şəxsləri, iş adamları mütəmadi qarşılıqlı səfərlər həyata keçirirlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri sentyabrın 5-də Bakıda “Birgə Cəmiyyətlər-2014” Forumuna hazırlıq məqsədilə keçirilən beynəlxalq toplantıda iştirak edən Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqa jurnalistlərə açıqlamasında demişdir.
Azərbaycan və Latviyanın tarixlərində bir sıra oxşar cəhətlərin olduğunu deyən sabiq Prezident qeyd etmişdir ki, bütün bunlar müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün gözəl perspektivlər yaradır.
Regionda mövcud olan münaqişələrdən və onlar həlli barədə danışan Vayra Vike-Freyberqa bildirmişdir ki, Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də bugünkü görüşün əsas mövzulardandır. O demişdir: “Nizami Gəncəvi Mərkəzinin fəaliyyətinin əsas istiqaməti tolerantlıq və birgə mövcudluq ideyalarının təbliğidir. Münaqişələr cəmiyyətlər üçün böyük çətinliklər yaradır. Qaçqınlar illərlə öz doğma yurdlarına qayıda bilmirlər. Latviyada çoxları deyirdi ki, ölkənin müstəqilliyini bərpa etmək şansı yoxdur, amma bu, baş verdi. SSRİ dağıldı, çox şey dəyişdi, əvvəllər sərhədi olmayan yerlərdə sərhədlər yarandı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli yolu vardır və bu konflikt sülh yolu ilə çözülməlidir. Bu üsul dünyanın bir çox yerlərində istifadə olunmuşdur və Dağlıq Qarabağ münaqişəsinin həllində də tətbiq oluna bilər”.