CƏMİYYƏT
33 saylı Xətai birinci seçki dairəsində seçicilərin 302 nəfəri ilk dəfə səs verəcək gənclərdir
Bakı, 27 noyabr, AZƏRTAC
Mərkəzi Seçki Komissiyasının bələdiyyə seçkiləri ilə bağlı fəaliyyət planına müvafiq olaraq məntəqə seçki komissiyasının üzvləri üçün maarifləndirici treninqlər davam etdirilir.
AZƏRTAC xəbər verir ki, 33 saylı Xətai birinci seçki dairəsi dairə seçki komissiyasında keçirilən treninqdə plana uyğun olaraq 4 gün ərzində iki mərhələdə 39 məntəqə seçki komissiyasının sədri və komissiya üzvləri olmaqla 156 nəfərin iştirakı nəzərdə tutulur.
Dairə seçki komissiyasının sədri Əlibaba Bayramov bildirib ki, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işləri uğurla davam etdirilir. Məntəqələrdə seçkilərin şəffaf və demokratik keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımi şərait yaradılıb. Ə.Bayramov qeyd edib ki, treninqlərdə komissiyaların sədrlərinə və üzvlərinə səsvermə günü görüləcək işlərlə bağlı məlumatlar verilir. Qeyd olunub ki, dairə üzrə 47 min 602 seçici var, onların 302 nəfəri ilk dəfə səs verən gənclərdir.
Məlumat verilib ki, məntəqələr seçki kabinələri, təşviqat lövhələri, məlumat lövhələri, generatorlar, elektrik fənərlərı, dövlət bayraqları, dövlət gerbləri, daşınmaz və daşınan seçki qutuları, seçici siyahısı lövhələri, qeydiyyat dəftərləri, təlimat, Azərbaycan Respublikasının Seçki Məcəlləsi, Azərbaycan Respublikasının Bələdiyyə seçkiləri ilə bağlı təlimatlarla təmin olunub.
Treninqlərdə iştirakçılara “Səsvermə günü məşvərətçi səs hüquqlu üzvlərin, müşahidəçilərin və KİV nümayəndələrinin hüquq və vəzifələri”, “Seçki günü məntəqə seçki komissiyalarının rolu və vəzifələri”, “Seçki günü prosedurları və müstəsna hallar”, “Səslərin sayılmasına hazırlıq. Seçki bülletenlərinin təsnifatı, səslərin sayılması və yekun protokolun doldurulması”, “Səsvermə prosedurlarına dair praktiki tapşırıqlar” mövzularında məlumatlar verilir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.