Ukraynanın paytaxtı kütləvi hava hücumuna məruz qalıb VİDEO
Kiyev, 24 aprel, AZƏRTAC
Aprelin 24-nə keçən gecədən başlayaraq Ukraynanın paytaxtı Kiyev şəhərinə kütləvi hava hücumu həyata keçirilib. Səhər saatlarınadək davam edən hücum nəticəsində şəhərin beş müxtəlif bölgəsində mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
AZƏRTAC-ın Ukraynadakı xüsusi müxbiri xəbər verir ki, Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti hücum nəticəsində azı 9 mülki şəxsin həlak olduğunu, 70-dən çox insanın isə müxtəlif dərəcəli xəsarətlər aldığını bildirib. Hazırda dağıntılar altında insanların qaldığı ehtimal olunur, axtarış-xilasetmə işləri davam etdirilir.
Bundan başqa, Ukrayna Silahlı Qüvvələrinin yaydığı məlumata görə, Rusiya ordusu bu hücum zamanı ümumilikdə 11 ballistik raket, 55 qanadlı raket, 4 idarəolunan aviazərbə bombası və 150-yə yaxın pilotsuz uçuş aparatı (PUA) istifadə edib. Əsas hədəf Kiyev şəhəri olub, onlarla raket və dron məhz bu istiqamətə yönəldilib.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev