Niderlandın Vlaardingen şəhərində Türkdilli/Ana dili bayramı qeyd edilib VİDEO


Stokholm, 5 may, Nərgiz Cəfərli, AZƏRTAC
Niderlandın Vlaardingen şəhərində ilk dəfə Türkdilli/Ana dili bayramı keçirilib.
AZƏRTAC xəbər verir ki, “Kuşakdan Kuşağa" vəqfinin təşkilatçılığı ilə keçirilən tədbirdə 600-ə yaxın türkdilli xalqların diaspor nümayəndələri və Niderlandda akkreditə olunmuş səfirlik əməkdaşları da iştirak ediblər. Niderlanda fəaliyyət göstərən türkdilli xalqların cəmiyyətləri arasında Azərbaycan–Niderland "Odlar Yurdu" Cəmiyyəti də tədbirə dəvət olunmuşdu.
Cəmiyyətin sədri Frəngiz Bağırova çıxışında "Kuşakdan Kuşağa" vəqfinə minnətdarlığını bildirərək vəqfin sədri Fehmi bəyə Azərbaycan haqqında kitab hədiyyə edib. Daha sonra xanəndə Nəhmətağa Əliyevin ifasında "Şuşanın dağları" mahnısı və Bəxtiyar Vahabzadənin "Ana dili" şeiri səsləndirilib.
Nəhmətağa Əliyevin Frəngiz Bağırova ilə birgə ifa etdiyi "Ey Vətən" mahnısı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Bayram şənliyində əməkdaşlığa görə Türkiyə Cümhuriyyətinin səfirliyi tərəfindən Azərbaycan–Niderland "Odlar Yurdu" Cəmiyyətinin sədri Frəngiz Bağırovaya xatirə olaraq hədiyyə təqdim olunub.