Bakıda “Mənim səsim – mənim hüquqlarım” mövzusunda dəyirmi masa keçirilib VİDEO
Bakı, 2 iyun, AZƏRTAC
İyunun 2-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Mənim səsim – mənim hüquqlarım” mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, il ərzində fəallığı ilə seçilən 100-ə yaxın uşağın iştirak etdiyi tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin, eyni zamanda, müharibə qurbanı olmuş uşaqların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edib. Bu gün bütün dünyada uşaqların rifahı, hüquqlarının qorunması, onların firavan və layiqli həyatının təmin olunması məsələlərinin cəmiyyətin prioritet gündəmlərindən birini təşkil etdiyini vurğulayan komitə sədri onların sağlamlığı, təhlükəsizliyi, eləcə də bir şəxsiyyət və vətəndaş kimi formalaşması üçün beynəlxalq ictimaiyyətin səylərini birləşdirdiyini əlavə edib. O, yer üzündə müxtəlif problemlərlə üzləşən, müharibə ilə qarşılaşan, valideynlərini və doğmalarını itirən uşaqların xüsusi diqqət mərkəzində olduğunu və bu problemlərin aradan qaldırılması üçün qlobal səfərbərliyin vacibliyini diqqətə çatdırıb.
Azərbaycanda uşaqların rifahı və inkişafının dövlətin hər zaman diqqət mərkəzində olduğunu qeyd edən B.Muradova ölkəmizin Uşaq hüquqları haqqında Konvensiyaya qoşulduqdan sonra bu prosesi müəyyən standartlar çərçivəsində və həmin sənəddən irəli gələn öhdəlikləri də nəzərə alaraq yerinə yetirdiyini diqqətə çatdırıb. Uşaqların həm öz hüquqlarının qorunması prosesində iştirakı, həm də fikirlərini aidiyyəti istiqamətlərdə çatdırmaq üçün yaradılan Uşaq Səfirlər Məclisi platformasından faydalandığını deyən komitə sədri onları Məclisin yaradılmasının 5 illiyi münasibətilə təbrik edib və vurğulayıb ki, onlar bu müddət ərzində təmsil etdikləri uşaqların səsi olmağı bacarıblar.
“Mənim səsim – mənim hüquqlarım” adı cəmiyyətin fəal üzvünə çevrilən uşaqların fikirlərinin eşidilməsi, hüquqlarının tanıdılması istiqamətində səylərinin, eyni zamanda, uşaqların yalnız qorunmalı yox, həmçinin dinlənilmək hüquqlarının olduğunu vurğulamağa xidmət edən bir platformadır. Bu gün qanunvericilik aspektləri, effektiv icra mexanizmlərinin yaradılması, eləcə də bu sahədə dövlət siyasətini həyata keçirən qurumların fəaliyyəti ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparacağıq. Bu baxımdan sizin indiyəqədərki fəaliyyətiniz bundan sonra da qarşınıza yeni vəzifələr qoyur”, – deyə B.Muradova əlavə edib.
Ölkədə uşaq siyasətinin həyata keçirilməsi sahəsində mövcud qanunvericilik bazasına diqqət çəkən komitə sədri bu əsasda bir sıra dövlət proqramları və fəaliyyət planlarının qəbul olunduğunu və ardıcıl şəkildə yerinə yetirildiyini bildirib. Hazırda ölkədə həm “Ailə Konsepsiyası” sənədi üzərində, həm də onun bir hissəsi ola biləcək uşaq hüquqlarının qorunması və təminatı məsələlərinə dair yeni sənədlərin hazırlandığını qeyd edən sədr bu sənədlərə töhfə vermək üçün də gözəl imkanların yarandığını vurğulayıb.
Sonra “Uşaq hüquqları – hər bir uşaq üçün” adlı maarifləndirici videoçarx nümayiş etdirilib.
Dəyirmi masada təhsil və inkişaf, sağlamlıq, müdafiə, iştirak hüquqları istiqamətləri üzrə uşaqların təklif və tövsiyələri dinlənilib.
Tədbir zamanı “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2026–2030-cu illər üçün Fəaliyyət Planı”na dair uşaqlar tərəfindən irəli sürülən təkliflərin müzakirəsi keçirilib, uşaq hüquqları ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb, müvafiq tövsiyələr verilib.
Uşaq Səfirlər Məclisinin üzvləri Ömər Eyvazlı və Ayan Əhmədova Məclisin 5 illik hesabatını əks etdirən təqdimatla çıxış ediblər. Qeyd edilib ki, onlar fəaliyyətləri dövründə yüksək fəallıq nümayiş etdirərək həm layihələrdə, həm də təşəbbüslərdə nümunəvi çıxışları, liderlik bacarıqları ilə yadda qalıblar.
B.Muradova yekun nitqi ilə çıxış edərək uşaqların fikir və təkliflərinə münasibət bildirib, onların qeyd etdiyi məqamların dövlət qurumlarının gələcək fəaliyyətində nəzərə alınacağına inamını diqqətə çatdırıb. Uşaqları suveren hüquqlarını bərpa etmiş, qalib və zəfər ruhu ilə irəliyə baxan bir xalqın gələcəyi adlandıran komitə sədri onlara gələcək həyatlarında uğurlar arzulayıb.
Tədbirin sonunda 5 illiyini qeyd edən Uşaq Səfirlər Məclisinin yeni seçilmiş üzvlərinə vəsiqələr təqdim olunub və öz fəallığı ilə seçilən məzunlar təşəkkürnamə ilə təltif edilib.