SİYASƏT
Azərbaycanın Rusiyadakı səfirliyindəki 17 saylı Yasamal III seçki dairəsinin 40 saylı seçki məntəqəsində artıq 300-dən çox seçici səs vermişdir VİDEO
Moskva, 9 oktyabr (AZƏRTAC). Azərbaycanın Rusiyadakı səfirliyindəki 17 saylı Yasamal III seçki dairəsinin 40 saylı seçki məntəqəsində saat 11.30-a olan məlumata görə, artıq 300-dən çox seçici seçki hüququndan istifadə etmişdir.
Yerli vaxtla saat 10.00-da Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu səs vermişdir. Səsvermədən sonra səfir jurnalistlərə demişdir: “Bu gün Azərbaycan xalqı üçün bayramdır, eyni zamanda çox məsuliyyətli bir gündür. Azərbaycan xalqı gələcək 5 il üçün öz prezidentini seçir. Dünya ölkələri arasında öz layiqli yerini tutan Azərbaycanın nailiyyətləri göz qabağındadır. Mən inanıram ki, müdrik Azərbaycan xalqı vətənimizin sürətli, dinamik inkişafına səs verəcəkdir”.
Seçki komissiyasının sədri, Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Ağalar Atamoğlanov AZƏRTAC-a bildirmişdir ki, seçicilərin fəallığı çox yüksəkdir. A.Atamoğlanov demişdir: “Oktyabrın 9-u Rusiyada iş günü olmasına baxmayaraq, konsulluqda qeydiyyatda olan və hazırda Moskva və Moskva vilayəti ərazisində olan azərbaycanlılar böyük fəallıqla Azərbaycan Prezidenti seçkilərində iştirak edir. Azərbaycanın Sankt-Peterburqdakı və Yekaterinburqdakı konsulluqlarında yüksək fəallıq müşahidə olunur”.
Səs verməyə gələnlər arasında gənclər çoxluq təşkil edir. Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGB) üzvləri Rusiyanın bir çox guşələrindən səsvermədə iştirak etmək üçün Moskvaya gəlmişlər. RAGB Vladimir vilayət bölməsinin sədri Ruslan Eyvazov AZƏRTAC-a müsahibəsində bildirmişdir ki, Azərbaycanın həyatında əlamətdar hadisə olan Prezident seçkilərində iştirak etmək vətəninin gələcəyinə, xalqının rifahına, sabitlik və inkişaf yolunun davam etdirilməsinə laqeyd olmayan hər bir gəncin vətəndaşlıq borcudur.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva