SİYASƏT
Yeni Azərbaycan Partiyası prezident seçkilərinin başa çatması ilə bağlı təntənəli tədbir təşkil etmişdir VİDEO
Bakı, 9 oktyabr (AZƏRTAC). Yeni Azərbaycan Partiyası (YAP) 2013-cü il 9 oktyabr prezident seçkilərinin başa çatması ilə bağlı Bakı şəhərində, partiyanın mərkəzi qərargahının qarşısında təntənəli tədbir keçirmişdir.
AZƏRTAC xəbər verir ki, Sahil bağında keçirilən tədbirdə YAP-ın rəhbər strukturlarının və şəhər ictimaiyyətinin nümayəndələri, partiyanın çoxsaylı fəalları iştirak etmişlər.
Seçkiöncəsi YAP-ın təşkil etdiyi “İlhamla irəli” təşviqat kampaniyasının əzəmətli yekun tədbiri təsiri bağışlayan toplantıda çıxış edən partiya sədrinin müavini, icraçı katib, Milli Məclisin deputatı Əli Əhmədov iştirakçıları prezident seçkilərinin uğurla başa çatması münasibətilə təbrik etmişdir. O demişdir ki, Azərbaycan xalqının iradəsi və istəyi ilə tariximizin növbəti şanlı səhifəsi yazılmışdır. Bu səhifəni ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttini dəstəkləyən, İlham Əliyevin artıq on ildir ki, uğurla həyata keçirdiyi siyasəti bəyənən Azərbaycan xalqı birlikdə yazmışdır.
Ə.Əhmədov demişdir: “Azərbaycan xalqı İlham Əliyevə səs verərək uğurlu gələcəyini dəstəkləmişdir. Bu səslər xalqımızın övladlarının gələcək inkişafına, güclü, qüdrətli Azərbaycana verilmişdir. Güclü və qüdrətli Azərbaycan yalnız və yalnız İlham Əliyevin rəhbərliyi altında mümkündür. O yerdə ki, İlham Əliyevin rəhbərliyi mövcuddur, orada qələbə, uğur, nailiyyət, inkişaf, sevinc, nur, bərəkət vardır. Bu gün biz şərəfli 10 ilin növbəti 5 illik mərhələsinin davamına başlayırıq. Bu gündən növbəti inkişaf, tərəqqi-yüksəliş yoluna qədəm qoyuruq. Sözsüz ki, bu yolu Azərbaycan xalqı İlham Əliyevlə keçmək istədi və onu seçdi. Çünki İlham Əliyev ötən 10 il ərzində Azərbaycanı inkişafın möhtəşəm, yüksək pilləsinə qaldırmışdır. Növbəti 5 ildə də bu yolla gedərək bu uğurlu inkişafı davam edəcəkdir”.
Əli Əhmədov vurğulamışdır ki, bu qələbə bütün xalqımızın, bütün Azərbaycanın xoşbəxt gələcəyinin qələbəsidir. Qarşıdakı beş ildə də biz Prezident İlham Əliyevlə birlikdə yeni qələbələrə doğru qətiyyətlə addımlayacağıq.
YAP sədrinin müavini İlham Əliyevin təşviqat kampaniyasında fəal iştirak edənlərə təşəkkürünü və minnətdarlığını çatdırmışdır.
Natiq vurğulamışdır ki, bu gün təbiət də öz şıltaqlığına son qoydu, bizim sevincimizə qoşuldu. Çünki İlham Əliyev Allah adamıdır. Təbiət də onunla bir yerdədir və onun qələbəsinə sevinir.
O millət xoşbəxtdir ki, liderini sevir, ona arxa durur və liderinin dəstəyi, başçılığı ilə inkişafa doğru addımlayır. Artıq Azərbaycan dövləti 10 ildir böyük inkişaf yolundadır. Bu inkişafın millətimizə bəxş etdiyi xoşbəxtliyin nəticəsini bu gün Azərbaycan xalqı öz səsi ilə təsdiqlədi. Sevindirici haldır ki, növbəti illərdə bu inkişaf İlham Əliyevin rəhbərliyi altında yenidən davam etdiriləcəkdir.
Sizləri buraya rəhbərə olan sonsuz sevgi gətirmişdir. Sevincinizi, təbriklərinizi İlham Əliyevə çatdırmaq üçün buradasınız. İnanıram ki, bu sevgi əbədidir və heç vaxt tükənməyəcəkdir.
Tədbir tanınmış incəsənət ustalarının konserti ilə davam etmişdir.