SİYASƏT
Azərbaycanın Rusiyadakı səfiri: Məişət zəminində törədilmiş qətl hadisəsinin millətlərarası və dövlətlərarası səviyyəyə qaldırılması yolverilməzdir VİDEO
Moskva, 17 oktyabr (AZƏRTAC). Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu ölkənin “Dojd” telekanalına müsahibə vermişdir. Müsahibədə Moskvanın Birulyov rayonunda baş vermiş hadisələr ətrafında yaranmış vəziyyətə münasibət bildirilmişdir. Səfir qeyd etmişdir ki, bəzi KİV-lər məişət zəminində törədilmiş qətl hadisəsini millətlərarası və dövlətlərarası səviyyəyə qaldırmışlar və bu, yolverilməzdir. P.Bülbüloğlu Birulyovda qətlə yetirilmiş Yeqor Şerbakovun ailəsinə başsağlığı vermiş və bu məsələdə azərbaycanlının adının hallandığına görə təəssüf hissi keçirdiyini söyləmişdir.
Diplomat vurğulamışdır ki, Azərbaycanın Rusiyadakı səfirliyi RF Xarici İşlər Nazirliyinə rəsmi nota göndərmişdir. Sənəddə səfirliyin konsul şöbəsinin əməkdaşlarının saxlanılan şəxslə əlaqə yaratmasına imkan verilməsi ilə bağlı müraciət yer almışdır. P.Bülbüloğlu demişdir: “Saxlanılan şəxsin əcnəbi vətəndaş olmasını nəzərə alaraq, onun vəkillə görüşməsinə, ona konsul yardımı göstərilməsinə və ehtiyac olarsa, tərcüməçi ilə təmin edilməsinə şərait yaradılmalıdır. Onun bu cinayət işi ilə əlaqədar təqsirli olub-olmamasını zəruri istintaq hərəkətlərindən sonra məhkəmə müəyyən edəcəkdir”.
Səfir Rusiyada azərbaycanlıların qətlə yetirilməsi, habelə Azərbaycanda rusların yerli əhaliyə qarşı cinayət törətməsi ilə əlaqədar məlumatları açıqlayaraq demişdir: “Mən sizə Moskvada məişət zəminində qətlə yetirilən azərbaycanlıların siyahısını təqdim edə bilərəm. Ancaq nə Azərbaycan mətbuatı, nə də cəmiyyət belə hadisələri siyasi və ya millətlərarası səviyyəyə qaldırmır”.
Polad Bülbüloğlu vurğulamışdır ki, hazırda Rusiya-Azərbaycan münasibətləri ən yüksək səviyyədədirlər və Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri buna sübutdur. Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır və ikitərəfli münasibətlərdə yeni perspektivlər nəzərdə tutulmuşdur. Prezident İlham Əliyevin tapşırığı ilə respublikanın iqtisadi inkişaf naziri Azərbaycanın bu regiona sərmayə imkanlarını araşdırmaq üçün Şimali Qafqazın regionlarında olmuşdur.
Səfir istisna etməmişdir ki, yaranmış vəziyyət hər hansı üçüncü qüvvələrin Azərbaycan-Rusiya münasibətlərinə ziyan vurmaq üçün törətdiyi təxribatın da nəticəsi ola bilər. Diplomatın fikrincə, onlar buna nail ola bilməyəcəklər. Rusiya çoxkonfessiyalı və çoxmillətli ölkədir. Rusiyada 25 milyon müsəlman yaşayır və bu cür hadisələr ölkə üçün bumeranqa çevrilə bilər”.
Sonda səfir Polad Bülbüloğlu əmin olduğunu bildirmişdir ki, bu cür məişət hadisələri Rusiya Federasiyasının hüquq müstəvisində öz həllini tapacaqdır. Eyni zamanda, Azərbaycan diaspor təşkilatları Yeqor Şerbakovun ailəsi ilə əlaqə saxlayacaq və qayğılarını əsirgəməyəcəklər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva