TƏBİB “Açıq qapı” günü təşkil edib VİDEO
Bakı, 13 oktyabr, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə Bakı Baş Səhiyyə Mərkəzinin nəzdindəki 1 nömrəli Şəhər Poliklinikasında media nümayəndələri üçün “Açıq qapı” günü keçirilib.
AZƏRTAC xəbər verir ki, “Açıq qapı” gününün təşkil olunmasında əsas məqsəd poliklinikanın fəaliyyəti ilə iştirakçıları əyani tanış etmək, onların peyvənd prosesini izləmələrinə şərait yaratmaq və maraqlandıqları sualları cavablandırmaqdan ibarət olub.
TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova bildirib ki, peyvənd olunmaq respirator virus infeksiyalarına yoluxmaqdan qorunmaq üçün ən effektiv üsuldur: “Ötən ilin sentyabr ayından bu ilin yanvarına qədər tibb müəssisələrində ümumilikdə 34 min 148 nəfər qrip əleyhinə peyvənd olunub. Onlardan 4 min 431-i 18 yaşadək, 29 min 717-si isə 18 yaşdan yuxarı olan vətəndaşlardır. Bu rəqəmlər göstərir ki, artıq insanlar öz sağlamlıqlarına daha məsuliyyətlə yanaşırlar, peyvəndə etimad və maraq isə getdikcə artır”.
TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva qeyd edib ki, qrip əleyhinə inaktivləşdirilmiş vaksinlər mövsümi xarakter daşıyır və onların tətbiqi uşaqların, yaşlıların, xroniki xəstəlikləri olan şəxslərin, həmçinin tibb işçilərinin qripdən və onun ağırlaşmalarından qorunmasında mühüm əhəmiyyət kəsb edir: “Oktyabrın 8-dən bu günədək 741 nəfər qrip əleyhinə peyvənd olunub. Onlardan 641-i Bakı şəhərində yerləşən ilkin-səhiyyə xidməti göstərilən müəssisələrdə qrip əleyhinə peyvənd edilib. Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar isə Sumqayıt şəhəri, Qəbələ, İsmayıllı, Qobustan, Xaçmaz və Ağdaş rayonlarıdır”.
1 nömrəli Şəhər Poliklinikasının baş həkimi Təranə Nurəlibəyova iştirakçıları poliklinikanın fəaliyyəti ilə tanış edib. O diqqətə çatdırıb ki, tibb müəssisəsində peyvəndlənmə “soyuq zəncir” sisteminin tələbləri nəzərə alınmaqla təşkil olunub.
Tədbirin sonunda media nümayəndələri könüllü olaraq qrip əleyhinə peyvənd olunublar.
“Açıq qapı” günü iştirakçıların sual-cavab sessiyası ilə yekunlaşıb.