Bakıda İtaliya Mətbəxi Həftəsi başlayıb VİDEO
Bakı, 15 oktyabr, AZƏRTAC
İtaliyanın Azərbaycandakı səfirliyinin və İtaliya Ticarət Agentliyinin (ITA) birgə əməkdaşlığı çərçivəsində Bakıda “Dünya İtaliya mətbəxi həftəsinin X buraxılışı” başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirin builki buraxılışı “İtaliya mətbəxi: sağlamlıq, mədəniyyət və innovasiya” mövzusuna həsr olunub. Bununla bağlı keçirilən mətbuat konfransında İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko bildirib ki, həftə İtaliyanın Xarici İşlər Nazirliyi tərəfindən təşviq olunub və digər ölkələrdəki səfirliklər də bununla bağlı tədbirlər keçirirlər. Səfir mətbəx həftəsinin mövzusunun çox önəmli olan üç məqamı əhatə etdiyini bildirib: "Bunlar sağlamlıq, mədəniyyət və innovasiyadır”.
Onun sözlərinə görə, mətbəx həftəsi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına namizəd olan İtaliya mətbəxinin mədəniyyət aspektini vurğulamağı, həmçinin düzgün qidalanma və sağlamlıq tərəflərini önə çıxarmağı hədəfləyir: "Bu, eyni zamanda, qeyri-yoluxucu xəstəliklərin qarşısının alınması və nəzarət üzrə BMT-nin dördüncü yüksəksəviyyəli görüşündəki İtaliyanın mövqeyi ilə uyğundur".
Diplomat əlavə edib ki, bu il Azərbaycanda keçirilən tədbirdə dünya miqyasında tanınan və İtaliya mətbəxinin ən nüfuzlu nümayəndələrindən biri olan, Bergamo şəhərinin üç Michelin ulduzlu məşhur “Da Vittorio” restoranı iştirak edir.
İtaliya Ticarət Agentliyinin direktoru Çeçiliya Oliva isə bildirib ki, İtaliya məhsullarına bütün dünyada maraq getdikcə artır: “Ötən il İtaliya məhsullarının Azərbaycana ixracı 10 faiz artıb, altı ayda bu artım 14 faiz olub. Bu, bir daha göstərir ki, Azərbaycanda İtaliya məhsullarına maraq artır. İtaliya həyat tərzini Azərbaycanda təşviq etmək üçün çalışırıq. İtaliya mətbəxi qida təhlükəsizliyini özündə ehtiva edir. İtaliyanın 20 regionu var və onların hər birinin özünəməxsus mətbəxi mövcuddur. Ümid edirəm ki, bu həftə İtaliya ilə Azərbaycan arasında mədəni, iqtisadi əməkdaşlığın daha da gücləndirilməsinə öz töhfəsini verəcək".
Daha sonra “Da Vittorio” restoranının şef aşpazı Cerea rəhbərlik etdiyi restoranın 60 ildən çox fəaliyyət göstərdiyini deyib. İtaliyanın mətbəx ənənəsindən söz açan şef aşpaz məhsul seçiminin yeməyin hazırlanmasında əsas rol oynadığını bildirib.
Sonda master-klas təşkil olunub.