ABŞ-da Milli Qvardiya əsgərlərinin ölümü beynəlxalq terror aktı kimi qiymətləndirilə bilər - YENİLƏNİB 3 VİDEO
Vaşinqton, 27 noyabr, AZƏRTAC
Ağ Ev yaxınlığında Milli Qvardiya üzvlərinə atəş açmaqda şübhəli bilinən şəxs 2021-ci ildə ABŞ-a daxil olmuş Əfqanıstan vətəndaşıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb. İlkin ehtimala görə, şübhəlinin Rəhmanullah Lakanval kimi müəyyən edildiyi vurğulanıb. Qeyd olunub ki, hüquq-mühafizə orqanları hadisəni beynəlxalq terror aktı kimi qiymətləndirməyə çalışır.
03:10
Vaşinqtonun mərkəzində güllələnən Milli Qvardiyanın iki əsgərinin vəziyyəti ağırdır. AZƏRTAC-ın məlumatına görə, bu barədə FTB direktoru Kaş Patel və paytaxt meri Muriel Bouzer mətbuat konfransında bildiriblər.
Qeyd edək ki, daha əvvəl Qərbi Virciniya qubernatoru Patrik Morrisey yaralanan kişi və qadın əsgərin həyatını itirdiyini açıqlamışdı. Daha sonra o, sosial mediada bu barədə ziddiyətli məlumatların olduğunu bildirib.
01:24
ABŞ-da Vaşinqtonun mərkəzində, Ağ Evin yaxınlığında güllələnən Milli Qvardiyanın iki əsgəri həlak olub. AZƏRTAC-ın məlumatına görə, xəbəri Qərbi Virciniya qubernatoru Patrik Morrisey təsdiqləyib.
"Böyük kədər hissi ilə bildiririk ki, bu gün Vaşinqtonda vurulan Qərbi Virciniya Milli Qvardiyasının hər iki üzvü aldıqları xəsarətlərdən ölüb. Bu cəsur Qərbi virciniyalılar ölkələrinə xidmət zamanı həyatlarını itiriblər. İstintaq davam etdiyi üçün federal rəsmilərlə davamlı əlaqə saxlayırıq”, - deyə Morrisey bildirib.
01:10
Ağ Evin yaxınlığında Milli Qvardiyanın iki əsgəri güllələnib. AZƏRTAC-ın məlumatına görə, onların vəziyyəti barədə məlumat verilməyib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
“Ağ Ev bu faciəvi vəziyyətdən xəbərdardır və fəal şəkildə izləyir. Prezidentə bu barədə məlumat verilib”, - deyə Ağ Evin mətbuat katibi Karolin Livit bildirib.
Donald Tramp “Truth” sosial mediasında ağır yaralanmış və müalicələri iki ayrı xəstəxanada davam edən əsgərləri güllələyən şəxsin də da ağır yaralandığını yazıb. Onun sözlərinə görə, həmin şəxs cəzasını sərt şəkildə ödəyəcək.
Qeyd edək ki, Tramp Şükranlıq bayramını qeyd etmək üçün Floridadakı iqamətgahındadır.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton