Honkonqda yaşayış kompleksindəki yanğında ölənlərin sayı artıb VİDEO
Bakı, 27 noyabr, AZƏRTAC
Honkonqa yaşayış kompleksində baş verən yanğında ölənlərin sayı 55-ə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə South China Morning Post (SCMP) yanğınsöndürənlərə istinadən yazır.
Hakimiyyət orqanları yanan yeddi blokdan dördündə yanğınların söndürüldüyünü, qalan üç blokun isə nəzarət altına alındığını bildirib, - deyə “Reuters” yazır.
Hadisə yerinə 304 yanğınsöndürmə və xilasetmə maşınının, eləcə də 1200-dən çox yanğınsöndürənin cəlb olunduğu bildirilib.
SCMP, həmçinin yaşayış kompleksinin qüllələrindən birinin damından yaşlı bir kişinin xilas edildiyini qeyd edib. Həmin şəxs təxminən 20 saat orada uzanaraq kömək gözləyib.

Daha əvvəl polis binada texniki xidmət göstərən tikinti şirkətinin iki direktorunun və məsləhətçi mühəndisinin həbs olunduğunu elan edib. Bu gün şirkətin ofisində axtarış aparılıb və sənədlər müsadirə olunub.
Binaların qoruyucu tor və yanğın təhlükəsizliyi standartlarına cavab verməyən plastiklə örtülməsi, eləcə də bir illik təmir işləri zamanı tikinti şirkəti tərəfindən quraşdırılmış penoplast ilə zədələnməmiş binanın bəzi pəncərələrinin bağlandığı aşkar edilib.