Vaşinqtonda Milad bazarı ən sevimli ziyarət məkanına çevrilir - FOTOSESSİYA VİDEO
Vaşinqton, 17 dekabr, AZƏRTAC
Milad bayramı xristianlara məxsus olsa da yeni ilin gəlişi ilə üst-üstə düşməsi ABŞ-da dinindən və dilindən asılı olmayaraq hər ailəyə sevinc gətirir. Milad bazarı da bu birliyi göstərən bir tədbirdir. Burada dünyanın müxtəlif mədəniyyətlərinə məxsus suvenirlər geyimlər, bəzək əşyaları və qidalar satışa çıxarılır.
Paytaxt Vaşinqtonda Milad bazarı noyabrın 21-dən dekabrın 23-dək fəaliyyət göstərir. Bura soyuq qış günlərində şəhər sakinləri və turistlərin ən sevimli ziyarət məkanına çevrilir.
Ziyarətçilər burada 100-dən çox kiçik və orta müəssisəyə məxsus əl işləri, dekorlar, zinət əşyaları, qənnadı məhsulları və isti içkilərlə zənginləşdirilmiş bayram atmosferini hiss edə bilərlər.
Canlı musiqi, küçə performansları və interaktiv tədbirlər bazarı yalnız alış-verişdən çox, mədəni və sosial tədbir səviyyəsinə qaldırır.
Milad bayramı və Yeni il ərəfəsi amerikalıların ən sevimli bayramıdır. Statistikaya əsasən, orta hesabla hər bir amerikalı bu dövrdə dekorlara və hədiyyələrə 1500-2000 dollar vəsait xərcləyir.
Milad bazarı da hədiyyə və dekor seçmək üçün ən gözəl məkanlardan biridir. Bazarda təşkil olunan xeyriyyə aksiyaları və yerli icmaların təqdimatları sosial həmrəyliyi daha da gücləndirir. Gecə saatlarında işıqlarla bəzədilən bazar Vaşinqtonun mərkəzində əsl nağıl atmosferi yaradaraq şəhərin turizm cəlbediciliyini artırır.
Bir sözlə, Vaşinqtonun bayram bazarı bütün millətləri bir araya gətirərək ilin sonuna qədər yeni ilin, yeni dövrün və yeni nəfəsin bayram simvoluna çevrilir.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton