İQTİSADİYYAT
AĞDAŞDA YENİ ELEKTRON ATS İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, dekabrın 3-də Ağdaş rayonunun Aşağı Zeynəddin kəndində 256 nömrə tutumu olan yeni elektron tipli ATS istifadəyə verilmişdir.
Açılış mərasimində “Aztelekom” İstehsalat Birliyinin nümayəndəsi Bahəddin Əliyev, Ağdaş rayon icra hakimiyyəti başçısının müavini İsmayıl Yusifzadə, rayon telekommunikasiya qovşağının rəisi Azər Osmanov Prezident İlham Əliyevin tapşırığı ilə ölkəmizdə neft sektorundan sonra ikinci prioritet sahə kimi rabitə və informasiya texnologiyalarının inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışmışlar. Natiqlər son illər respublikamızda köhnə ATS-lərin yeniləri ilə əvəz olunması, elektronlaşdırılması və rabitə sisteminə ən son texnologiyaların tətbiq edilməsini dövlətin vətəndaşlara olan diqqət və qayğısının təzahürü kimi qiymətləndirmişlər. Bildirilmişdir ki, yeni istifadəyə verilən ATS Aşağı Zeynəddin, Tatlar və Yeniarx kəndlərinin əhalisinə xidmət göstərəcəkdir. ATS-də 12 növ əlavə servis xidmətlərin göstərilməsi, əhalinin internetdən sərbəst istifadəsi, sürətli yığım və digər imkanlar mövcuddur. Hazırda Ağdaş şəhərinin və Orta Ləki kəndinin hər birində 256 nömrəlik elektron ATS-lər fəaliyyət göstərir. Abad kəndində 256, Hapıtlı kəndində 96 və Birinci Aral kəndində isə 128 nömrəlik elektron ATS-lərin quraşdırılmasına başlanmışdır. Gələn ilin sonunadək rayonda bütün ATS-lərin elektronlaşdırılması nəzərdə tutulur.
Həmçinin bu il rayon mərkəzindən uzaqda yerləşən Kotavan, Eymur, Qaradeyin, Qəribli və Əmirarx yaşayış məntəqələrində peyk rabitəsi ilə telefonlaşma aparılmışdır. Hazırda rayonun 16 kəndində köhnə və yeni tipli ATS-lər mövcuddur. Gələn il daha 10 ATS-in quraşdırılması nəzərdə tutulur.