CƏMİYYƏT
3 saylı psixonevroloji sosial xidmət müəssisəsinin sakinləri üçün ekskursiya təşkil edilib
Bakı, 30 avqust, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 3 saylı psixonevroloji sosial xidmət müəssisəsinin sakinləri üçün ekskursiya təşkil edilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Gəncə şəhərində yerləşən Məhsəti Gəncəvi Mərkəzinə təşkil edilən ekskursiyanın məqsədi müəssisə sakinlərinin sosial adaptasiyasına dəstək verməkdir.
Bildirilib ki, Göygöl rayonunda yerləşən 3 saylı Psixonevroloji sosial xidmət müəssisəsi 2020-ci ildə yenidən qurulub və əsaslı təmir olunub. 135 nəfər üçün nəzərdə tutulan bu müəssisədə hazırda 129 nəfər qadın müvafiq xidmətlərlə təmin edilir.
Sosial xidmət müəssisəsinin sakinləri ilkin tibbi-sosial yardım, reabilitasiya xidmətləri, psixoloji və psixiatrik yardımla yanaşı, keyfiyyətli ərzaq məhsulları, təmiz geyim və yataq dəstləri ilə təmin olunurlar.
Ümumilikdə Sosial Xidmətlər Agentliyinin tabeliyində dörd psixonevroloji sosial xidmət müəssisəsi fəaliyyət göstərir ki, onlar da Göygöl və Şamaxı rayonlarında, Gəncədə və paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşir.