Sədr: Gənclər Akademiyasının yaradılması AMEA-da təkcə struktur deyil, həmçinin ideya dəyişikliyidir VİDEO
Bakı, 25 fevral, Xatirə Cəfərova, foto İlqar Cəfərov, operator Namiq Abdullayev, AZƏRTAC
Gənclər Akademiyasının yaradılması ölkəmizdə gənclərə göstərilən etimad və dəyərin göstəricisidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının illik Ümumi yığıncağında “Gənc Alimlər Şurasından – Gənclər Akademiyasına” adlı məruzə ilə çıxış edən AMEA-nın Gənclər Akademiyasının sədri dosent Elmir Babayev söyləyib.
Elmir Babayev bildirib ki, son illərdə Akademiyada aparılan islahatlar bütövlükdə yeni inkişaf mərhələsinin əsasını qoyub. Sədr AMEA-nın gənclər siyasətinin Akademiyanın strateji inkişaf modelinin əsas dayaqlarından biri kimi xarakterizə edib, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə keçirilən konfrans, seminar və dəyirmi masalar, beynəlxalq elmi əməkdaşlıq istiqamətində görülən işlər, “Gənc tədqiqatçı” jurnalının fəaliyyətinin genişləndirilməsi, gənclərin elmi-təşkilati və ictimai fəaliyyətinin stimullaşdırılması haqqında bəhs edib.
AMEA Rəyasət Heyətinin qərarı ilə ötən il sentyabrın 10-da Gənclər Akademiyasının təsis edildiyini xatırladan Elmir Babayev bu hadisənin yalnız struktur dəyişikliyi deyil, həm də ideya dəyişikliyi olduğunu vurğulayıb. Alim qeyd edib ki, qurumun strateji hədəfləri innovasiyayönümlü düşüncə tərzini sistemli şəkildə təşviq etmək, beynəlxalq elmi şəbəkələrə inteqrasiyanı sistemləşdirilmək, mentorluq (varislik) institutunu gücləndirmək, akademik liderlik məktəbini formalaşdırmaqdan ibarətdir.