SİYASƏT
İtaliya mətbuatında Azərbaycanda qeyri-neft sektorunun inkişafından bəhs edən məqalə dərc olunmuşdur VİDEO
Roma, 9 noyabr (AZƏRTAC). İtaliyanın nüfuzlu “İl Sole 24 Ore” qəzetində Azərbaycanda qeyri-neft sektorunun inkişafından bəhs edən məqalə dərc olunmuşdur.
Məqalədə Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi uğurlar və iqtisadi inkişafı barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində bir sıra layihələr həyata keçirilmişdir. İndi əsas diqqət qeyri-neft sektorunun, sənaye istehsalının inkişafına yönəldilmişdir. Ölkəmizdə, həmçinin xidmət, ticarət, tikinti və digər sahələrdə də irəliləyişlər vardır.
Müəllif diqqətə çatdırmışdır ki, zəngin neft və qaz yataqlarının mövcud olduğu Bakı XIX əsrin ikinci yarısında dünyanın neft paytaxtına çevrilmişdir. Şərq ilə Qərbin qovuşduğu coğrafi ərazidə yerləşən Azərbaycan paytaxtı özünəməxsus memarlığı ilə də fərqlənir. Paytaxtın simasına xüsusi yaraşıq verən, müasir incəsənətin rəmzi sayılan alov dilləri formasında üç göydələndən ibarət “Alov qüllələri” Bakını daha da gözəlləşdirir. Şəhərdə fəaliyyət göstərən italiyalı dizaynerlərin paytaxtımıza olan maraqları getdikcə artmaqdadır.
Məqalədə, həmçinin Azərbaycanın xarici investorlar üçün cəlbedici ölkə olduğu diqqətə çatdırılmış və qeyd olunmuşdur ki, ölkəmizdə sərmayədarlar üçün əlverişli şərait yaradılmışdır. Bu istiqamətdə həyata keçirilən layihələr sırasında bir sıra sənaye parklarının salınması xüsusi yer tutur.
Azərbaycanın müxtəlif bölgələrində bir çox sahələrdə həyata keçirilən layihələrdən danışan müəllif vurğulamışdır ki, regionlarda xüsusilə kənd təsərrüfatı və heyvandarlığın inkişafı üçün böyük potensial mövcuddur.
Azərbaycanda sürətlə davam edən quruculuq işlərindən də bəhs olunan məqalədə bildirilir ki, son illər ölkəmizdə yeni yolların salınması, metropoliten şəbəkəsinin genişləndirilməsi, paytaxtımızın cənubunda yeni limanın inşası, dəmir yollarının müasirləşdirilməsi, “Azərspace-1” ilk telekommunikasiya peykinin orbitə buraxılması və görülən digər işlər ölkəmizin əldə etdiyi nailiyyətlərinin göstəricisidir.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma