Patricia Scotland: WUF13-dəki müzakirələr praktik həllər, ölçüləbilən nəticələr və daha koordinasiyalı əməkdaşlıq üçün əsas yaradır VİDEO
Bakı, 21 may, AZƏRTAC
Mənzil siyasətində uğur yalnız strategiyaların hazırlanması ilə deyil, onların effektiv icrası ilə müəyyən olunur.
AZƏRTAC xəbər verir ki, bu fikri Böyük Britaniya Lordlar Palatasının üzvü, Birlik Təşkilatının sabiq baş katibi Patricia Scotland WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən “Multitərəfli əməkdaşlıq vasitəsilə mənzil siyasətinin inkişafı: qlobal öhdəliklərdən yerli təsirə” sessiyasında səsləndirib.
Onun sözlərinə görə, Birlik ölkələrinin təcrübəsi göstərir ki, mənzil və şəhər inkişafı sahəsində nəticə əldə etmək üçün məlumatlara əsaslanan qərarvermə, kompleks siyasət yanaşması və praktik icra alətləri vacibdir. Həmçinin şəhərlər ayrıca deyil, daha geniş sosial və iqtisadi sistemin tərkib hissəsi kimi nəzərdən keçirilməlidir.
Patricia Scotland qeyd edib ki, ölkələr yalnız uğurlu təcrübələri deyil, uğursuz nümunələri də öyrənməli, dayanıqlı bələdiyyə maliyyəsi və kiçikmiqyaslı tikinti təşəbbüslərinin dəstəklənməsi hesabına mənzil təminatını genişləndirməlidirlər.
O vurğulayıb ki, Bakıda WUF13 çərçivəsində aparılan müzakirələr WUF14-ə doğru praktik həllər, ölçüləbilən nəticələr və daha koordinasiyalı əməkdaşlıq üçün əsas yaradır.