Baş katib: WUF13 yerli tikinti və istehsal sektorunun beynəlxalq səviyyədə tanıdılması üçün mühüm platformadır VİDEO
Bakı, 22 may, AZƏRTAC
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) şəhərlərin gələcəyi, dayanıqlı urbanizasiya, innovativ tikinti yanaşmaları və insan mərkəzli inkişaf məsələlərinin müzakirə olunduğu nüfuzlu beynəlxalq platforma rolunu oynayır.
Bunu WUF13 çərçivəsində AZƏRTAC-a açıqlaması zamanı Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının (ATMİA) baş katibi Sevda Quliyeva deyib.
“BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası dünyanın müxtəlif ölkələrindən hökumət nümayəndələrini, beynəlxalq təşkilatları, biznes sektorunu, memarları, urbanistləri, tikinti şirkətlərini və investorları bir araya gətirir. WUF13, eyni zamanda, yerli tikinti və istehsal sektorunun beynəlxalq səviyyədə tanıdılması, “Made in Azerbaijan” brendinin təşviqi, yerli məhsulların xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi, beynəlxalq investorlar və tərəfdaşlarla əlaqələrin qurulması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu baxımından WUF13 tikinti sənayesinin gələcəyini formalaşdıran qlobal dialoq platforması olmaqla yanaşı, innovasiya, əməkdaşlıq və dayanıqlı inkişaf prinsiplərini təşviq edir”, - deyə baş katib bildirib.