İDMAN
“Baku World Challenge”nin rəsmi “facebook” və “YouTube” səhifələrində yarışların Bakıda keçirilməsi ilə bağlı məlumat yerləşdirilmişdir VİDEO
Bakı, 21 noyabr (AZƏRTAC). Xəbər verdiyimiz kimi, noyabrın 23-24-ü “Baku World Challenge” avtoyarışlarının finalı keçiriləcəkdir. Avtorallinin rəsmi “facebook” və “YouTube” səhifələrində yarışın Bakıda keçirilməsi ilə bağlı ətraflı məlumat yerləşdirilmişdir.
Yarışda 14 beynəlxalq komanda və 30 yarış avtomobili iştirak edəcəkdir. Bundan əlavə, final çərçivəsində “15 F1” tarixi maşınlarının da nümayişi gözlənilir.
Avtoralli Bakıda uzunluğu 4 kilometr olan, Dövlət Bayraq Meydanından dəniz sahili boyu xüsusi hazırlanmış yolda keçiriləcəkdir. Mütəxəssislərin fikrincə, yolun həm geniş, həm də dar döngəli olması yarışı daha da maraqlı edəcəkdir. Ralli iştirakçıları Bakıya gəlməmişdən əvvəl artıq xüsusi simulyator proqramı ilə bu yolun özəlliyini də öyrənmişlər.
Final yarışı “Eurosport” telekanalı ilə Avropa, Yaxın Şərq, həmçinin Avstraliya, Asiya, Amerika və Afrikada canlı yayımlanacaqdır.
Bu yarış Bakının dünyada tanıdılması üçün də yaxşı fürsətdir. Yarışlara biletləri şəhərimizin kassalarından almaq mümkündür.