Filippinin cənubunda baş verən zəlzələdə ölənlərin sayı 37-yə çatıb VİDEO
Bakı, 9 iyun, AZƏRTAC
Filippinin cənubunda ötən gün baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində həlak olanların sayı 37-yə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “GMA News” məlumat yayıb.
Filippin Mülki Müdafiə Departamentinin məlumatına görə, ümumilikdə 456 nəfər xəsarət alıb, daha 4 nəfər isə itkin düşmüş hesab olunur.
Yerli hakimiyyət orqanları bildiriblər ki, Mindanao adasında məktəblər, xəstəxanalar və yaşayış binaları da daxil olmaqla təxminən 1900 tikiliyə ziyan dəyib. Onlardan 1500-ə yaxını tamamilə dağılıb.
Zəlzələ nəticəsində General Santos Beynəlxalq Hava Limanına da ziyan dəyib ki, bu da bir sıra uçuşların ləğvinə səbəb olub. Filippin Mülki Aviasiya İdarəsi zəlzələdən sonra hərbi, hökumət və humanitar missiyalara aid təyyarələrin yardım məqsədilə hava limanından istifadəsinə icazə verib.
Bundan əlavə, General Santos şəhərində fövqəladə vəziyyət elan olunub.