Emin Dadaşov: “Bakı.1926: Dil, Fikir, Birlik” sərgisi bir əsrlik tarixi əhatə edir VİDEO
Bakı, 2 iyul, AZƏRTAC
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Bakı. 1926: Dil, Fikir, Birlik” adlı sərgi yeddi bölmədən ibarətdir. Ekspozisiya ortaq türk köklərindən başlayır, XIX əsrdə həyata keçirilən əlifba islahatlarını, Azərbaycan Xalq Cümhuriyyəti dövründə latın qrafikalı əlifbanın tətbiqi istiqamətində görülən işləri əhatə edir və ziyarətçiləri Birinci Türkoloji Qurultaya aparan tarixi proseslə tanış edir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Azərbaycan Tarixi Muzeyinin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri Emin Dadaşov bildirib.
Onun sözlərinə görə, sərgidə Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında qorunan eksponatlar, Azərbaycan Milli Arxiv İdarəsinin təqdim etdiyi sənədlər, həmçinin kolleksiyaçıların şəxsi arxivlərindən seçilmiş materiallar nümayiş olunur.
“Ekspozisiya bütövlükdə bir əsrlik dövrü əhatə edir. Bu yanaşma təsadüfi deyil. Belə ki, 2024-cü ildə Bakıda ortaq türk əlifbasının 34 hərfdən ibarət variantının qəbul edilməsi ilə bağlı qərar verildi. Sərgidə 1926-cı ildə keçirilmiş Birinci Türkoloji Qurultay ilə bu mühüm hadisə arasında tarixi və ideya bağlılığını nümayiş etdirməyə çalışmışıq.
Ziyarətçilərin məlumatları daha rahat mənimsəməsi üçün ekspozisiyada infroqrafikalardan geniş istifadə olunub. Burada tarixi fotoşəkillər, protokollar, sənədlərin orijinalları və surətləri nümayiş etdirilir”, – deyə E.Dadaşov bildirib.
Sonda şöbə müdiri vurğulayıb ki, Milli Azərbaycan Tarixi Muzeyinə məxsus bütün eksponatlar orijinaldır. Ziyarətçilər sərgidə əlyazmalar, şəxsi əşyalar, fotoşəkillər, məktublar və tarixi yazışmalarla yaxından tanış olmaq imkanı əldə edirlər.