Ukraynada müharibə zamanı seçkilərin keçirilməsi yenidən gündəmə gətirilib VİDEO
Kiyev, 19 avqust, AZƏRTAC
Ukraynada müharibə zamanı prezident seçkilərinin keçirilməsi məsələsi yenidən gündəmə gətirilib. Ukraynanın sabiq müdafiə naziri Mixail Fyodorov hərbi vəziyyətdə ölkədə seçkilərin keçirilməsinin vacibliyini vurğulayıb. Fyodorov hesab edir ki, Ukrayna müharibə şəraitində seçkilər keçirmək üçün bir mexanizm tapmalıdır. Bütün ukraynalıların səs vermək imkanı olmalıdır. Ukraynalı ekspertlər isə bu bəyanatı birmənalı qarşılamırlar.
Ukraynalı ekspert Oleksi Buryaçenko AZƏRTAC-a bildirib ki, Ukraynanın keçmiş müdafiə naziri Mixail Fyodorov müharibə dövründə ölkədə seçkilərin keçirilməsini təklif edir, hətta buna çağırır. Ekspertin fikrincə, bu məsələni müxtəlif cür qiymətləndirmək olar.
“Bu, ilk baxışdan göründüyü qədər sadə deyil. Şəxsən mən seçkilərin demokratik ölkələrdə tamamilə düzgün və normal təcrübə olduğuna əminəm. Hökumət yenilənməlidir. Yenilənmə və rəqabət həmişə daha yaxşı nəticələrə, təkamülə və dövlətin inkişafının növbəti mərhələsinə aparır. Buna görə də, şübhəsiz ki, seçkilər zəruridir. Amma sual yaranır: Rusiya Federasiyasının Ukraynaya qarşı tammiqyaslı müharibəsi zamanı seçkiləri necə keçirmək olar? Lazımi təhlükəsizlik şəraitini və bütün Ukrayna vətəndaşlarının konstitusion hüquqlarının həyata keçirilməsini necə təmin etmək olar? Bu sualların hələ cavabı yoxdur. Yəni seçkilərin keçirilməsinin zəruriliyi ilə bağlı istədiyimiz qədər siyasi şüarlar səsləndirə bilərik, amma onları necə keçirmək hələ də bəlli deyil.
Şübhəsiz ki, bunun üçün ya elektron səsvermə, ya da, məsələn, bəzi ölkələrdə tətbiq olunan və səsverməni ölkə daxilində yaşayan vətəndaşlarla məhdudlaşdıran təcrübələrdən istifadə edilməlidir. Çünki Rusiyanın təcavüzü nəticəsində nə qədər ukraynalının ölkəni tərk etmək məcburiyyətində qaldığını nəzərə alsaq, Ukraynadan kənarda elektron səsvermə olmadan seçkilərin keçirilməsinin necə mümkün olacağını demək hələlik çox çətindir. Sadəcə konsulluqlarda və səfirliklərdə seçki məntəqələrinin açılması, əlbəttə, kifayət deyil. Düzgün konsul qeydiyyatını necə apara bilərik? Nəticədə, seçki günündən əvvəl siyahıları necə yoxlaya bilərik? Bu suallara heç kimin cavabı yoxdur”, - deyə Buryaçenko əlavə edib.
Ukraynalı ekspert hesab edir ki, ölkədə hazırda elektron səsvermə üçün lazımi imkanlar mövcud deyil. Onun sözlərinə görə, belə bir sistem tətbiq olunarsa, Rusiya tərəfindən kiberhücumlara məruz qala və seçkilərin nəticələri şübhə altına düşə bilər.
“Keçmiş nazir Mixail Fyodorovun məsuliyyət daşıdığı dövrdə belə elektron səsvermə imkanları mövcud deyildi. Bu sistem sınaqdan keçirilməyib. Rusiya Federasiyasının ya səsvermə sistemini pozacağı, ya da hakerlər vasitəsilə nəticələri manipulyasiya etmək üçün sistemə müdaxilə edəcəyi ehtimalı var. Hər iki halda seçkilərin nəticələri şübhə altına düşə bilər. Bundan əlavə, məsələ yalnız Ukraynadan kənarda yaşayan vətəndaşların səsverməsinin təmin olunması ilə məhdudlaşmır. Təxminən bir milyon hərbçinin səsvermə və namizəd olmaq hüququnu necə təmin etmək olar? Cəbhə xəttinə yaxın ərazilərdə seçki məntəqələrinin təşkili, təbii ki, ciddi təhlükəsizlik problemləri yaradır. Buna görə də müharibə dövründə seçkilərin keçirilməsi ilə bağlı çağırışlar Ukrayna cəmiyyətində birmənalı qarşılanmır. Eyni zamanda, ukraynalıların böyük əksəriyyəti müharibənin qızğın mərhələsində seçkilərin keçirilməsinin hazırda mümkün olmadığını yaxşı anlayır”, - deyə Oleksi Buryaçenko bildirib.
O hesab edir ki, seçkilər mütləq vacibdir, lakin bunun üçün, ilk növbədə, müharibə dayandırılmalı və hərtərəfli atəşkəsə nail olunmalıdır. “Bundan əlavə, mən əminəm ki, hakimiyyət seçkilərdə iştirak etməkdə maraqlı olacaq, çünki yeni qanunilik və legitimlik qazanmağa ehtiyac var. Hazırda hakimiyyət uğrunda mübarizə aparan bütün siyasətçilər, o cümlədən keçmiş müdafiə naziri Mixail Fyodorov da seçkilərdə iştirak edə biləcəklər.
Fyodorov öz çıxışında düzgün məqamlara toxunub. Lakin məncə, bu, müharibə zamanı müdafiə naziri vəzifəsinə qayıtmaq istəyən şəxsin deyil, siyasi gələcəyinə iddia edən bir siyasətçinin müraciətidir. Mən onun hazırda Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı müxalifətə qoşulduğunu düşünmürəm. O, sadəcə siyasətdə öz yerini müəyyənləşdirməyə çalışır. Bu çıxış Ukraynada seçki prosesinin başlanğıcı deyil, Mixail Fyodorovun siyasi karyerasının başlanğıcıdır”, - deyə ukraynalı ekspert qeyd edib.