Frigiya Krallığının irsi: Ankarada minillik kurqanda arxeoloji qazıntılara başlanılıb VİDEO
Ankara, 21 avqust, AZƏRTAC
Ankaranın mərkəzində yerləşən Bahçelievler rayonunda qədim Frigiya Krallığının irsini qoruyub saxlayan kurqanda arxeoloji qazıntılara başlanılıb.
AZƏRTAC xəbər verir ki, Frigiya Kiçik Asiyada eradan əvvəl XII əsrdən VI əsrədək mövcud olub və öz dövrünün qüdrətli dövlətlərindən biri hesab edilib. Onun paytaxtı Qordion şəhəri olub. Krallıq məşhur hökmdar Midasın hakimiyyəti dövründə, eradan əvvəl VIII əsrdə öz qüdrətinin zirvəsinə çatıb, daha sonra isə kimmerlərin hücumları və lidiyalıların təzyiqi nəticəsində süqut edib.
Kurqanda arxeoloji qazıntıların başlanması barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy məlumat verib.
“Gələcək naminə irs” layihəsi çərçivəsində başlanılan tədqiqatların məqsədi frigiyalıların dəfn ənənələri və gündəlik həyatı haqqında məlumat toplamaqdır.
Frigiya Krallığının Qərb nekropolunda yerləşən 20 kurqandan biri olan və eradan əvvəl 800–550-ci illər arasına aid edilən “BT10” kurqanında indiyədək arxeoloji qazıntıların aparılmaması bu tədqiqatı Anadolunun keçmişinin öyrənilməsi baxımından xüsusilə əhəmiyyətli edir.
Professor Atakan Akçayın rəhbərlik etdiyi arxeoloqlar qrupunun apardığı qazıntıların nəticələrinə əsasən, burada Ankarada mədəni turizmin yeni obyektinə çevriləcək arxeoloji park yaradılacaq.