Eldor Şermanov: Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələr xalqlarımızın yaxınlığını daha da möhkəmləndirir VİDEO
Daşkənd, 23 avqust, AZƏRTAC
Azərbaycan və Özbəkistan arasında mədəniyyət, təhsil və digər sahələrdə əlaqələr son illərdə sürətlə inkişaf edir.
Bu barədə AZƏRTAC-a açıqlamasında Yunus Rəcəbi adına Özbəkistan Milli Musiqi və İfaçılıq Sənəti İnstitutunun rektoru Eldor Şermanov deyib. O bildirib ki, Azərbaycan və Özbəkistan mədəniyyətləri arasında əlaqələrin inkişafına xüsusi önəm verir.
“Xüsusilə son illərdə Azərbaycan ilə Özbəkistan arasında mədəniyyət, təhsil və digər sahələrdə əlaqələr sürətlə inkişaf edir”, – deyə rektor qeyd edib.
Eldor Şermanov təhsil sahəsində əməkdaşlığın da xalqlarımız arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, azərbaycanlı tələbələrin Özbəkistanda, özbək tələbələrin isə Azərbaycanda təhsil alması qarşılıqlı əlaqələrin daha da genişlənməsinə xidmət edir.
Rektor Eldor Şermanov Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Özbəkistandakı fəaliyyətini də yüksək qiymətləndirib. O qeyd edib ki, Mərkəz tərəfindən müxtəlif tədbirlər, layihələr və mədəni proqramlar həyata keçirilir və bu fəaliyyətə töhfə verməyə çalışırlar.
Eldor Şermanov Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələrin daha da inkişaf edəcəyinə, xalqlarımızın bir-birinə olan yaxınlığının və qarşılıqlı hörmətinin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Müxbir - Pərvanə Qafarova