Sabirabadda ağır yol qəzası: 1 ölü, 2 yaralı VİDEO
Sabirabad, 24 avqust, AZƏRTAC
Sabirabadda minik avtomobillərinin toqquşması ilə nəticələnən yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Sabirabadın Nizami kəndi ərazisindən keçən hissəsində baş verən qəza zamanı Saatlı rayonunun Əliabad kənd sakini, 1985-ci il təvəllüdlü Məmmədov Elmar Müslüm oğlunun idarə etdiyi “Hyundai” markalı avtomobillə Hacıqabul rayonunun Muğan qəsəbə sakini, 1991-ci il təvəllüdlü Həsənov Amil Telman oğlunun idarə etdiyi “Renault” markalı avtomobil toqquşub. Hadisə nəticəsində Saatlı rayonunun Əliabad kənd sakini, 1991-ci il təvəllüdlü Mehtiyeva Fəridə Ənvər qızı ölüb. Xəsarət alanlar Saatlı rayonunun Əliabad kənd sakini, 2021-ci il təvəllüdlü Mehtizadə Mirəli Hikmət oğlu və Mingəçevir şəhər sakini, 1965-ci il təvəllüdlü Hüseynova Səfurə Əli qızı xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Müxbir - Aydın Yavərzadə